Nazir ATƏT-in iclasında Qarabağda yaşayan ermənilərdən danışdı
Ölçü:


"Regional sülh və təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edən zorakı münaqişələrin əsas səbəblərinin arxasında beynəlxalq hüquqa və ATƏT prinsiplərinə uyğunsuzluq dayanır".

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında çıxışı zamanı deyib. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanat Azərbaycan ərazilərində davam edən 44 günlük müharibənin dayandırılmasını, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını təmin edib: Bu sənəd məcburi köçkünlərin və qaçqınların BMT QAK-ın nəzarəti altında evlərinə qayıtması ilə bağlı vacib müddəanı özündə ehtiva edir. Eyni zamanda, razılaşma bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrində olan maneələrin aradan qaldırılmasını nəzərdə tutur, Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında əlaqə daxil olmaqla, Ermənistan və Azərbaycan arasında hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz hərəkətini təmin edir".

Veyhun Bayramov daha sonta üçtərəfli bəyanat haqqında bunları deyib: "Bəyanata əsasən, Ermənistan və Azərbaycan arasında razılaşmaların həyata keçirilməsinə nəzarət etmək üçün Rusiya Federasiyası və Türkiyənin Birgə Monitorinq Mərkəzi yaradılacaqdır.

Bu razılaşmanı reallığa çevirmək üçün verdikləri töhfələrə görə Rusiya Federasiyasına və Türkiyə Respublikasına təşəkkür etmək istəyirəm. Bu qonşu dövlətlər Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülh və sabitliyi təmin edəcək razılşamanın zamini kimi mühüm rol oynayırlar.

Sülh, bərpa və yenidənqurma fəaliyyətinin davam etdirilməsi, qayıdan məcburi köçkünlər və qaçqınlar daxil olmaqla, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi mütləq şəkildə prioritet vəzifə olmalıdır. Bu məqsədlə, Azərbaycan 1991-ci il Birləşmiş Millətlər Təşkilatının humanitar yardım barədə rəhbər prinsiplərinə tam uyğun olaraq bölgədəki sülh və sabitliyə töhfə vermək niyyətində olan BQXK, BMT QAK və BMT-nin digər qurumları, habelə ayrı-ayrı dövlətlər də daxil olmaqla, aidiyyəti beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır.

Azərbaycan tərəfi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər şəkildə və ayrı-seçkilik olmadan bütün Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin edərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ərazilərində yaşayan erməni əsilli vətəndaşlarını ölkənin siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası möhkəm hüquqi bazanı təmin edir.

Münaqişənin əhatə etdiyi ərazilərdəki azərbaycanlı və erməni sakinlərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində bir-birlərinin təhlükəsizliyinə, etnik və dini mənsubiyyətinə hörmətə əsaslanan dinc birgəyaşayışı təmin edilməlidir və sonunda təmin ediləcəkdir.

Biz münaqişədən sonrakı yeni mərhələyə, yenidənqurma və bərpa mərhələsinə, dinc birgəyaşayışın bərpa mərhələsinə qədəm qoyuruq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır. Həmkarlarımızı və tərəfdaşlarımızı yeni perspektivli reallıqları qiymətləndirməyə və onlardan faydalanmağa çağırırıq".

03.12.2020 15:48:00
Oxuma sayı: 40