Xocalının deputatı: “Rusiya sülhməramlıları kimdir ki, onlardan icazə alaq?!“
Ölçü:

"Xocalı sakinləri öz yurduna qayıtmaq üçün ölkə başçısının göstərişini gözləyir. Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və digər azad olunan torpaqlar Azərbaycan Respublikasının ərazisidir, biz də Azərbaycan vətəndaşıyıq. Rusiya sülhməramlıları kimdir ki, biz onlara müraciət edib icazə istəyək, “İcazə verirsənsə, biz Xocalıya gələk, vermirsinizsə, gəlməyək”,-deyək?! O fikirləri səsləndirənlər çox səhv mövqedədirlər. BMT-nin nizamnaməsinə və müvafiq beynəlxalq konvensiyalara əsasən, sülhməramlıların özünəməxsus mandatı var. Mən nəyə görə başqa bir dövlətin hansısa qurumundan Xocalıya getməyimə şərait yaratmaları üçün icazə almalıyam?!  Bizə icazəni də, göstərişi də öz dövlətimizin başçısı verəcək".

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisinin Xocalıdan olan deputatı Elman Məmmədov "Yenisabah"a açıqlamasında bildirib. O, deyib ki, hazırda hər bir məcburi köçkün doğma yurd-yuvasına qayıtmağın həsrətilə yaşayır: "Orada yaşayış üçün şərait yaradılan zaman Füzuli, Cəbrayıl və digər işğaldan azad olunan rayonlarımızın sakinləri kimi biz də öz evimizə qayıdacağıq”.

Deputat vurğulayıb ki, Qarabağa qayıtmaq üçün ilk növbədə ərazilər minalardan təmizlənməlidir: “İlkin şərtlər var və bu şərtlər bütün işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulur. Müəyyən təhlükəsizlik tədbirləri görülməlidir. Artıq bu tədbirlərin tətbiqinə başlanıb. Yol, nəqliyyat məsələsi öz həllini tapacaq, infrastruktur qurulacaq. Yəni yaşayış üçün lazım olan məsələlər yerinə yetiriləcək və bundan sonra müvafiq qrafik üzrə dövlətin tapşırığına uyğun olaraq biz torpağımıza qayıdacağıq. Biz bunun üçün hər hansısa kənar qüvvədən icazə almayacağıq. Qayıdış olandan sonra orada bütün müvafiq strukturların fəaliyyəti başlayacaq, idarələri olacaq, bu zaman yəqin ki, bizə də bir otaq verib, “Bura da sizin fəaliyyət yerinizdir. Seçicilərinizlə burada görüşüb iş apara bilərsiniz”.
02.12.2020 16:07:00
Oxuma sayı: 185