Qüdrət Həsənquliyev: "Rusiya bizim maraqlarımıza hörmət etməlidir" - MÜSAHİBƏ
Ölçü:

"Biz addım-addım Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etməliyik. Paralel olaraq dağıdılmış şəhər və kəndlərimizin yerində müasir yaşayış məskənlərinin salınmasına başlamalıyıq. Tezliklə xüsusi dövlət proqramı qəbul olunmalı, beynəlxalq təşkilatlar, donor ölkələr, xarici şirkətlər bu işə cəlb edilməlidir. Çalışmalıyıq ki, qısa zaman kəsiyində köçkünlərin əhəmiyyətli hissəsini ata-baba yurdlarına qaytaraq".

Koordinat.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsində bildirib. Həmin müsahibəni oxuculara təqdim edirik:
- Eyni zamanda, Azərbaycan dövləti  sərhədçilərimizin Laçın dəhlizində Ermənistanla sərhəddə dayanıb Rusiya sülhməramlıları ilə birgə nəzatət həyata keçirməsinə nail olmalıdır. Dağlıq Qarabağda sakinlər tərkisilah olunmalı, onların təhlükəsizliyinə Rusiya və Azərbaycan dövləti təminat verməlidir. Azərbaycanda yaşamaq hüquqları araşdırılmalı, qanunsuz məskunlaşmış şəxslər ölkədən çıxarılmalı, digərlərinə pasport verilməlidir. İlk növbədə Azərbaycanlı köçkünlərin Dağlıq Qarabağdakı yurdlarına qaytarılmasını təmin etməliyik. Qondarma rejimin keçirdiyi seçkiləri heç kim, o cümlədən Rusiya tanımadığından və bölgənin hər hansı siyasi-inzibati statusu olmadığından, ən qısa müddətdə yaşayış məntəqələri üzrə bələdiyyə seçkiləri keçirilməlidir. Çünki qondarma rejimin “prezidenti”, kriminal və axtarışa verilmiş Araik Harutunyanla Azərbaycan rəsmilərinin təması mümkün deyil. Erməni sakinlərin Azərbaycanın yurisdiksiyasına qaytarılması üçün iqtisadi, maliyyə və sosial sferada ciddi addımlar atılmalıdır. Bölgənin Rusiyanın yox, Azərbaycanın idarəetməsinə keçməsi üçün Rusiya ilə ciddi müzakirələr aparılmalıdır.

– Rusiya ilə bu məsələdə anlaşmağı mümkün sayırsınızmı?
– Vaxtilə çoxları Rusiya ilə torpaqlarımızın işğaldan azad olunması istiqamətində hər hansı danışığı nəticəsi olmayacaq əhəmiyyətsiz vaxt itkisi hesab edirdi və etiraf etməliyik ki, hətta bəzi insanlar torpaqlarımızı geri qaytara biləcəyimizə ümidlərini itirmişdi. Mən isə həmişə iqtidarı bağlı qapılar arxasında Rusiya ilə danışmağa çağırırdım. Çünki dövlətlərin əbədi dostu yox, daimi maraqları var. İndi də Rusiyanı inandırmalıyıq ki, söhbət kiçik bir ərazidən getmir. Dövlətin öz ərazisində suveren hüquqlarını bərpa edə bilməməsi həmin dövlətin nüfuz məsələsidir. Xalqımız hiss etsə ki, Rusiya həqiqətən buna mane olmaq istəyir, o zaman deyirlər ki, böyük sevgi ilə böyük nifrət arasında məsafə çox kiçikdir. Rusiya marağında olmalıdır ki, təkcə hökumət yox, xalqımız da Rusiyanı yaxın dost və strateji tərəfdaş kimi görsün. Biz Rusiyanın qonşu dost ölkə və böyük dövlət kimi regionda maraqlarını mütləq nəzərə aldığımız kimi, Rusiya da xalqımızın bu istəyini nəzərə almalıdır.

– Əgər nəzərə almasa?
– O zaman səbrlə, heç bir gərginlik keçirmədən danışıqları davam etdirməli, bütün diplomatik və siyasi təsir vasitələrindən istifadə etməliyik. Bu məsələdə qardaş Türkiyənin və onun Prezidenti hörmətli Ərdoğanın imkanları daha genişdir. Amma heç bir halda Rusiya ilə münasibətlərimizi, bəzilərinin təklif etdiyi kimi, pozmamalıyıq.

– Sizə elə gəlmir ki, Rusiya münaqişəni saxlamaqla bizimlə Ermənistan arasında “kim Rusiyaya daha sadiqdir” “yarışı” başlatmaq istəyir?
– Rusiyanın belə bir istəyinin ola bilməsini istisna etmək olmaz, amma Azərbaycan buna gedəcəkmi? Düşünürəm ki, yox. 30 il torpaqlarımızın 20 %-i işğal altında qalıb, bir milyon qaçqın və köçkünümüz ağır həyata məhkum olunanda belə müstəqil siyasət yürütmüşük. Biz bölgədə Rusiyanın maraqlarını nəzərə alırıq, Rusiya da bizim maraqlarımıza, dövlət suverenliyimizə hörmət etməlidir. Bu halda həm də Rusiyanın beynəlxalq nüfuzu artacaq, regionda mövqeləri möhkəmlənəcəkdir. Bu gün Böyük Britaniya ilə keçmiş müstəmləkələri arasında hansı hörmətli, dost münasibət varsa, Rusiya da öz keçmiş müstəmləkələrinə münasibətdə bunu nail olmalıdır. Bu, sivil dünyanın tələbidir. Bundan imtina edilsə, Rusiya zamanla ayaqlaşa bilməsə, bu, ona yaxşı heç nə vəd etmir.

– Ermənistanla əlaqələrin bərpa olunmasına necə baxırsınız?
– Rusiya hər iki dövlətə bu məsələdə yardım etməlidir. Biz Ermənistanla sülh sazişi imzalamalıyıq. Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməli, yaxın qonşuluq siyasəti aparmalı, vurduğu ziyana görə Azərbaycan dövlətindən üzr istəməli, könüllü  kompensasiya ödəməlidir. Bu halda biz qəbul edə bilərik ki, Ermənistan dəyişmək istəyir. Özlərini sivil xalq sayırlarsa və ağılları varsa, bunu etməlidirlər, çünki  inkişafları buna bağlıdır. Amma müşahidə edirəm ki, erməni xalqı faşist ideologiyasının əsirinə çevrildiyindən, 3-4 nəfər istisna olmaqla, Ermənistanın bütün siyasi elitası barış barədə yox, revanş haqqında  danışır.
02.12.2020 14:56:00
Oxuma sayı: 81