Laçın sabah boşaldılır, amma sərhəddə...
Ölçü:

Üçtərəfli razılaşmaya əsasən, sabah, dekabrın 1-nə qədər Laçın rayonu boşaldılaraq Azərbaycana təhvil verilməlidir.

Koordinat.az xəbər verir ki, razılaşmaya görə, bu rayonda Dağlıq Qarabağla Ermənistanın əlaqəsi üçün 5 km enində dəhliz olmalıdır. Dəhlizin isə Laçın rayon mərkəzinə düşəcəyi gözlənilir. Milli Məclisin sədr müavini Fəzail İbrahimli “Turan” agentliyinə deyib ki, bu məsələdə “ağsaqqallığı” Rusiya öz üzərinə götürüb: “Burada baş verən hər hansı cüzi anlaşılmazlıq Rusiya tərəfinin ya özünün içindən gələ bilər, ya da ona qarşı hörmətsizlik olar. İndi Rusiya tərəfi bu işə hansı qəribə düşüncələrlə girişsə, özünü nüfuzdan salar, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirər”.

Deputatın fikrincə, bu məsələdə hər hansı yubanma olsa idi, (Kəlbəcərin boşaldılması 10 gün yubadılmışdı-red) yəqin, indiyə kimi elan edilərdi və Azərbaycan tərəf də bilərdi ki, bu çıxış yubanır: “Artıq belə məlumat yoxdursa, gedib. Odur ki, erməni tərəfi Laçından çıxacaq. Laçından çıxmaqları razılaşmada əksini tapıb, digər boşaldılan rayonlar kimi, Laçın da boşaldılmalıdır”.

Spikerin müavini deyib ki, perspektivdə Azərbaycan-Ermənistan dövlət sərhədlərinin müəyyən olunması prosesi başlamalıdır.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə mövzu ilə bağlı “Azadlıq” radiosuna açıqlamasında dəhliz amili üzərində xüsusi dayanıb. O, deyib ki, bu, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizdir, ona da razılaşmaya əsasən, Rusiya sülhməramlıları nəzarət etməlidir.

Ekspert qeyd edib ki, bu dəhliz Laçın rayon mərkəzinin, Zabux və Su kəndlərinin içindən keçir. Buna səbəbdən Azərbaycan qoşunları Laçın şəhərinə də getməlidir.

İlham İsmayıl hesab edir ki, digər ən vacib məsələ sərhədlərin müəyyən olunmasıdır: "Laçın dəhlizinin başlandığı yer Azərbaycan-Ermənistan dövlət sərhədinin başlanğıc nöqtəsidir. Odur ki, burada ancaq Rusiya sülhməramlıları dayana bilməz. Azərbaycanın sərhəd qoşunları, Gömrük Komitəsi burada yerini almalıdır. Laçın əraziləri Azərbaycana tam təhvil verilir, amma köçürülmə müvəqqəti, ermənilər üçün yeni yol çəkilənə qədər dayanır, yeni yolun çəkilməsi də üç il çəkəcək”.

Laçın rayonu işğal edilənə qədər orada eyni adlı alayın komandiri olmuş Arif Paşa isə hesab edir ki, bu işdə də yubanma ola bilər: "Azərbaycan qalib tərəfdir. Dəhlizin yerini də Azərbaycan müəyyən etməlidir".
30.11.2020 18:43:00
Oxuma sayı: 58