Karantindən sonra şagirdlərin məktəbə adaptasiyası çətin olacaq
Ölçü:

Artıq 8 aydır şagirdlər və tələbələr təhsil müəssisələrindən ayrı düşüblər.

Koordinat.az xəbər verir ki, təhsilin davamiyyəti onlayn dərslərlə təmin edilməyə çalışılsa da, bu metodu çox da uğurlu saymaq olmur. Çünki texniki baxımdan çatışmazlıqlar çoxdur və sinif otağından, auditoriyadan, müəllimlərlə üz-üzə təmasdan uzaq qalan şagird və tələbələrin nə dərəcədə effektiv təhsil aldığı sual altındadır.

Bu qədər uzun müddət məktəb həyatından kənar qalmaq şagirdlərə sonradan məktəb mühitinə adaptasiya olmaqda müəyyən çətinliklər yaradacaq. Evində məktəbli, xüsusən aşağı sinif şagirdi olan valideynlər də təsdiqləyir ki, artıq uşaqları dərsə cəlb etməkdə çətinlik çəkirlər. Uzun müddət dərslərə ara verilməsi uşaqlarda məsuliyyət hissini də zəiflədir.

Bəs, valideynlər nə etməlidir ki, təhsil müəssisələri açılanda uşaqlar adaptasiya prosesində çətinlik çəkməsinlər?

Mövzunu “Press Klub”a şərh edən psixoloq Vüsalə Əmiraslanova əvvəlcə online tədrisin çətinliklərindən danışdı: “Bəzi uşaqlarda diqqət əskikliyi və dağınıqlıq var. Diqqətləri yayınır. Evlərdə bəzən birdən çox uşaq eyni anda dərslərə qoşulur, səslər bir-birinə qarışır. Onlayn dərslər tədrisdə geriləmələr yaradır. Valideynlər işdə olur, uşaqlar dərslərinə adaptasiya ola bilmir. Bəzən uşaqlar valideynləri aldadırlar ki, onlayn dərs keçirilmədi. Elə analar var, uşağa nəzarətə edə bilmir, elə analar var, onlayn dərslərə necə qoşulmaq lazımdır, onu da bilmilər. Sonra şikayətlər gəlir ki, uşaqlar dərslərə qoşulmamışdı. Elə uşaqlar var ki, utancaqdır, görüntünü açmırlar, cavab vermirlər, dərslərə davamiyyət azalır, həvəsdən düşürlər. Bəzi dərslər var ki, ümumiyyətlə, o dərslərə qoşulmaq istəmirlər. Məsələn, fiziki tərbiyə, əmək dərsləri və s…”

Əmiraslanova xatırlatdı ki, bir müddət internet məhdudlaşdırıldı, həmin vaxt da uşaqlar dərslərdən uzaq düşdülər: “Ümumiyyətlə, uşaqların dərslərə adaptasiyası prosesi çətin olacaq. Bəzi uşaqlar çətin tərbiyə olunan uşaqlara çevriliblər, aqressivləşiblər. Bir tərəfdən müharibə də həmin uşaqlara təsir edib. COVİD-19-a yoluxanların sayının artması barədə məlumatlara, xəbərlərə baxırlar, bütün bunlar da uşaqların psixologiyasına təsir göstərir”.

Psixoloqun sözlərinə görə, onlayn dərslərin vaxtı az olduğu üçün uşaqlar fikirlərini tam çatdıra bilmirlər: “İndi elə bir vəziyyətdir ki, oxumaq istəyən onlayn dərslərə qoşulub oxuyur, oxumaq istəməyənlər bu vəziyyətdən sanki istifadə edirlər. Uşaqların yenidən dərslərə adaptasiyası uzun müddət alacaq. Amma uşaqları evdə saxlamaqla ən azından virusdan qorumuş oluruq. Məsələn, məktəbə gedəndə yuxudan tez dururdular, bəzən dərsə gecikirdilər, tez-tez xəstələnirdilər. Ən azından bunlar indi yoxdur. Amma valideyn ən azından müəyyən rejim qurmalıdır. Gündə bir saat, saat yarım aşağı sinif uşaqlarına, iki saat, iki saat yarım isə yuxarı sinif uşaqlarının dərs oxumalarına nəzarət etməlidirlər”.

30.11.2020 12:46:00
Oxuma sayı: 10403