Şəhid və qazi ailələrinə dəstək Fondu yaradıla bilər - Tanınmış filosofdan maraqlı təklif
Ölçü:

Sakit HÜSEYNOV,
Fəlsəfə elmləri doktoru, professor

Cəbhədən gələn şad xəbərlər hamımızı sevindirir. Ali Baş Komandanın qətiyyətli siyasəti və Müzəffər ordumuzun şücaəti sayəsində qürur yerimiz olan Qarabağ azad edilir. Dağlıq Qarabağ, işğal altında olan ərazilərimizin azadlığı məsələsi hər bir azərbaycanlının qürur, şərəf məsələsidir. Bu gün Prezidentimiz, şanlı ordumuz xalqımızın qürurunu, şərəfini özünə qaytarır. Bunun nə qədər önəmli olduğunu bütün dünyada yaşayan azərbaycanlıların bu günlərdə nümayiş etdirdikləri birlik də bir daha təsdiq edir.

Daimi olsun Birliyimiz, var olsun cənab Prezidentimiz, eşq olsun şanlı Azərbaycan əsgərinə ki, bizə bu qürurverici tarixi yaşadırlar. Əsl qəhrəmanlıq səhnələri, yaralı əsgərin “Komandir, xahiş edirəm məni qospitala göndərməyin, cəbhəyə getmək istəyirəm”, “Həkim mənə iynə vurmayın, birdən başqa əsgərə lazım olar” ifadələri... Dastan yazılmalı günlər yaşayırıq.

Bu əsgəri necə sevməyəsən, azərbaycanlı olmağınla necə qürurlanmayasan!!!
Ordumuzun bizə yaşatdığı sevinci sözlə ifadə etmək mümkün deyil, bunlar ayrı bir hissdir: doğulub boya-başa çatdığı yer azad edildiyi üçün hönkürüb ağlayan, sevincindən bayılan, ürəyi dayanan, cənab Prezidentin müraciətindən eşitdiyi şad xəbərlərə rəğmən televizorun ekranının bağrına basıb göz yaşları axıdan insanlar...... hansını deyəsən.

Amma, bütün bu sevincli günlər qarşımızda olduqca vacib vəzifələr də qoyur. Vətəndaş olaraq tariximizi dərindən bilməli, dostumuzu-düşmənimizi saf-çürük etməyi bacarmalıyıq. Bu tarixi, şərəfli günləri bizə yaşadan Ali Baş Komandanımızdan sıravi əsgərədək hamı haqqında qəhrəmanlıqları, aparılan haqq mübarizəsini lap bağçadan başlayaraq övladlarımıza öyrətməliyik. Övladlarımızın tərbiyəsi vətənpərvərliklə başlamalı, ataya-anaya məhəbbətlə yanaşı vətən sevgisi də aşılamalıyıq.
Bunun üçün də bir sıra addımlar atılması vacibdir. Xüsusilə, şəhidlər, şəhid ailələri unudulmamalı, ordumuzun əsgər və zabitləri hər zaman yüksək tutulmalıdır. Əsgər və zabitlərimizə bütün mümkün güzəştlər edilməlidir: pulsuz təhsil, növbəsiz və ödənişsiz torpaq sahələrindən tutmuş, hazır mənzillərin, nəqliyyat vasitələrinin hədiyyə edilməsinə qədər və s..

Ən vacibi isə öz canını Vətən uğurnda fəda etmiş şəhidlərimiz və onların ailələrinə, sağlamlığını itirmiş insanlara olan münasibətdir. Hansı ki, bu gələcək nəsillərin də vətənpərvərliyi üçün olduqca güclü təsirə malikdir. 30 ilə yaxındır həsrətini çəkdiyimiz, işğaldan azad edilən ərazilərə şəhidlərimizin qanı üzərindən keçib gedirik. Bu insanların xatirəsi hər zaman əziz tutulmalı, onların övladlarının bütün ehtiyacları qarşılanmalıdır.

Dövlətimiz hər zaman həssas əhali qrupuna diqqətlə yanaşıb və lazımi qayğını göstərib. Eyni zamanda, düşünürəm ki, müasir bazar münasibətləri şəraitində hər şeyi dövlətdən tələb etmək də düzgün deyil. Biz vətəndaşlar da öz üzərimizə düşənləri etməklə dövlətimizə dəstək olmalıyıq. Hər birimiz öz övladımıza nəyi isə alarkən, ilk ağlımıza gələn şəhid övladı olmalıdır. Çalışmalıyıq ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin doğmaları, övladları bizlərdən daha yaxşı yaşasın. Onların buna haqqı daha çoxdur.  

Bunları nəzərə alaraq təklif edirəm ki, “Şəhid və qazi ailələrinə dəstək Fondu” yaradılsın. Bu fond:
- Hər birimizin əmək haqqından 1% tutulmaqla və ianələrlə formalaşsın. Yəni Fond büdcədən asılı olmasın;
- Şəhid ailələri və övladlarının, Qarabağ əlilləri ailələrinin bütün kommunal xərcləri, hər cür təhsil xərcləri bu Fonddan ödənilsin;
-   Şəhid və Qarabağ əlili ailələrinin övladlarına səhiyyə xidmətlərindən istifadə üçün Fond hesabına xüsusi sığorta kartları verilsin; 
-   Şəhid və əlil övladları 25 yaşına çatana qədər xüsusi təqaüd təyin edilsin;
-   Fondun idarə edilməsində şəhid ailələri ictimai əsaslarla iştirak etsin;
-   Fondun fəaliyyətində şəffaflığı təmin etmək məqsədilə yalnız qeyri-nəğd ödənişlərin həyata keçirilməsinə icazə verilsin; 
-   Eyni zamanda, artıq torpaqlarımız işğaldan azad edilir və ümid etmək olar ki, Xalq-Dövlət-Ordu birliyi sayəsində tezliklə məcburi köçkün probleminə son qoyulacaq, insanlar öz doğma yurdlarına qayıdacaqdır. Ona görə də, “Şəhid ailələrinə dəstək fondu”nu “Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu”nun bazasında da formalaşdırmaq nəzərdən keçirilə bilər və s.;


Əlbəttə, bu istiqamətdə çox təkliflər vermək olar və bu, təbiidir. Mən bir vətəndaş kimi bilirəm ki, dövlətimiz yuxarıda qeyd edilənlərin bir çoxunu büdcə hesabına edir. Burada isə təklfi olunur ki, xüsusi Fond vasitəsilə bu işlər tənzimlənsin, yerinə yetirilsin. VƏ mən mətbuat vasitəsilə cənab Prezidentimizdən xahiş edirəm Şəhid ailələrinə dəstəklə bağlı, əmək haqqı alan vətəndaşlarımızın gəlirlərindən formalaşan bir Fond yaradılsın. Buradan bəyan etmək istəyirəm “Mən hər ay, ömrümün sonunadək, gəlirimdən 1%, 3%, 5% nə qədər lazım gələrsə bu fonda ayrılmasına razıyam”.
Biz şəhidlərimizə olan qayğının davamlılığı, əldə edilən uğurların əbədiləşdirilməsi, vətənpərvərlik ruhunun qorunub saxlanması naminə bunu etməliyik.

Sakit HÜSEYNOV,
Fəlsəfə elmləri doktoru, professor

20.11.2020 16:57:00
Oxuma sayı: 471