Atəşkəs razılaşmasında açıq qalan suallar: erməni hərbçiləri Xankəndi, Əsgəran, Xocalı və Xocavənddən nə vaxt çıxarılacaq...
Ölçü:

Altı həftə davam edən hərbi əməliyyatlar Azərbaycan Ordusunun böyük zəfəri ilə başa çatdı. İşğalda olan 7 rayon, habelə Azərbaycan tarixinin, mədəniyyətinin incisi sayılan Şuşa şəhəri işğaldan azad edildi.

Dağlıq Qarabağ deyilən əraziyə aid olan Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi daxil keçmiş Ağdərə rayonunun bəzi əraziləri, habelə Xocavənd, Xocalı, Əsgəran rayonlarının bir hissəsi, Şuşa ətrafındakı kəndlər düşməndən təmizləndi. Azərbaycan 26 ildən sonra İranla dövlət sərhədinin işğalda olan 132 kilometr hissəsinə nəzarəti bərpa etdi. Habelə Zəngilan, Qubadlı rayonlarının azad edilməsi ilə Ermənistanla dövlət sərhədinə nəzarət də bərpa olundu.

Noyabrın 9-dan 10-na keçən gecə Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasına görə, Ermənistan işğal etdiyi daha 3 rayonu - Kəlbəcər, Laçın və Ağdamı boşaltmalıdır. Kəlbəcər 15 noyabrda, Ağdam 20 noyabrda, Laçın isə 1 dekabr tarixində Azərbaycana təhvil verilməlidir.

Hesablamalara görə, erməni işğalında olan bütün ərazilərin dörddə üçü, rəqəmlə ifadə etsək, 13 min kvadrat kilometrin 10.5 min kv.km-i Azərbaycan Ordusunun nəzarətindədir. Keçmiş DQVM-nin malik olduğu 4.4 min kv.km ərazinin təxminən 2 min kv. km-i də işğalçı qüvvələrdən tam təmizlənib.

Üçtərəfli bəyanatda kommunikasiyaların açılması, Rusiya sülhməramlıların təmas xətti boyunca və Laçın dəhlizində yerləşdirilməsi nəzərdə tutulub. Razılaşmanın bu bəndi dərhal icra edilib - noyabrın 10-dan etibarən bölgəyə rus hərbi kontingentinin yerləşdirilməsinə başlanıb.

Azərbaycan ictimaiyyəti əldə olunan nəticəni böyük qələbə hesab edir. Ordumuzun zəfəri ölkə boyu təntənəli mərasimlərlə qeyd edilir. Amma atəşkəs razılaşmasının gələcəkdə yaradacağı reallıqlar, xüsusən, Ermənistanın strateji müttəfqi Rusiyanın bölgəyə sülhməramlılar yerləşdirməsindən doğan əndişələr var.

Məlumdur ki, Rusiya təcrübədə heç bir yerdə təkbaşına belə missiyasını həyata keçirməyib. Bəyanatda 1960 nəfər atıcı silahlı əsgərin, 90 xüsusi texnikanın və 380 adda müxtəlif zirehli nəqliyyat vasitələrinin bölgəyə gətirilməsi yazılıb.

Ekspertlər bildirirlər ki, sülhməramlı adlandırılan kontingent Rusiya ordusunun seçmə hərbi hissələrindən formalaşdırılıb, onların təminatı və hərbi təchizatı ən üst səviyyədədir. Bundan başqa, qrupun sərəncamında hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları, döyüş helikopterləri və s. çoxlu sayda hərbi texnika var.

Birgə bəyanatda sülhməramlıların Qarabağda qalma müddəti də yazılıb. Ancaq Rusiyanın girdiyi ərazidən özü istəmədikcə çıxmadığı da hamıya məlumdur. Mətndə göstərilib ki, hərbçilər 5 il müddətində burada qalırlar, tərəflərdən biri bu müddətin bitməsinə 6 ay qalmış sülhməramlıların çıxarılması ilə bağlı müraciət edə bilər.

Məlumdur ki, bu sənəd sülh müqaviləsi deyil, atəşkəsin hansı şərtlər altında bağlandığını göstərən siyasi mövqedir. Razılaşma sülh müqaviləsinə dair hər hansı zamanı, şərtləri əks etdirmir. Bu o deməkdir ki, döyüş dayansa da, konflikt bitmir, hər zaman alovlana bilər.

Narahatlıqlardan biri də ondan ibarətdir ki, biz Dağlıq Qarabağa heç bir status vermədiyimizi bəyan etsək də, işğalçı Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın qalan hissəsində dövlətimizin suverenliyini tanıdığını ifadə etməkdən imtina edir.

Eyni zamanda Qarabağın emənilər yaşayan hissəsində idarəetmənin necə olacağı sualı açıq qalır. Xankəndi, Əsgəran, Xocalı və Xocavənd, eləcə də, keçmiş Ağdərə rayonlarındakı erməni silahlı birləşmələrinin aqibətinin necə olacağı, onların məsuliyyətə cəlb olunub-olunmayacağı da məlum deyil.

Üstəlik ermənilərin heç bir nəzarətimiz olmayan 5 kilmetrlik zolaqla Ermənistana rahat gedib-gəlməni təmin edən dəhliz ayırıb, sanki ərazimizdə anklav sahə yaradılır.

İctimaiyyəti narahat edən əsas suallardan biri qrafiklə boşaldılacaq Laçın və Kəlbəcər rayonları ərazisində Ermənistanla dövlət sərhədlərini kimin qoruyacağı, gömrük-keçid məntəqlərinin necə təşkil olunacağıdır. Bu barədə razılaşmada heç nə yazılmayıb.

Qeyd edək ki, bu, əsas məqamladan biridir. Azərbaycanın sərhədləri dövlətimizin suverenliyinin əsas atributudur. Ermənilərin Ermənistana gedib-gəlməsi də müvafiq qanunvericiliklə tənzimləməlidir ki, bu məsələ də hələlik açıq qalır.

Yalnız o məlumdur ki, Rusiya hərbçiləri Laçın dəhlizində və mövcud təmas xəttində dayanacaqlar.

Sənəddə BMT Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında məcburi köçkünlərin yaşadıqları yerlərə qaytarılması nəzərdə tutulur. Amma azərbaycanlıların Xankəndinə, Xocalıya, Xocavəndə, keçmiş Ağdərəyə necə köçürüləcəkləri barədə sənəddə aydın bir təsəvvür yoxdur. Eləcə də Azərbaycanın bu ərazilərdə əhalinin təhlükəsizliyini, təhsil, səhiyyə və sair xidmətləri necə təşkil edəcəyi, bölgədə sosial-iqtisadi inkişafın necə təmin olunacağı məlum deyil.

Ehtimal ki, bu və digər açıq qalan məsələlər yenidən təşkil olunacaq Qarabağ danışıqlarının əsas müzakirə predmeti olacaq. Üçtərəfli razılaşmada konkret olaraq Türkiyə Silahlı Qüvvələrinin bölgədə sülhməramlı missiyası yerinə yetirəcəyi göstərilməsə də, 5-ci bəndə buna şərait yaradan maddə salınıb.

Bu fəaliyyəti həyata keçirəcək rus hərbi kontingentə nəzarət qurumunun yaradılması barədə Rusiya və Türkiyə arasında memorandum imzalanıb. Türkiyə hərbi heyəti monitorinq missiyasında yer alacaq.

Rəsmi Ankara Türkiyə Silahlı Qüvvələrinin bölgədə sülhməramlı missiyada da yer alacağını bəyan edib. Düzdür, bu barədə ziddiyətli açıqlamalar var. Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün bildirib ki, Türkiyə hərbçilərinin sülhməramlı missiyada iştirakı nəzərdə tutulmayıb. Nazir bu məsələnin münaqişə tərəflərindən asılı olduğunu iddia etməklə Ermənistanın Türkiyənin sülhməramlı olmasını qəbul etmədiyinə işarə vurub. Ancaq bu, olduqca absurd və reallıqlarla uzlaşmayan yanaşmadır. Əvvəla, darmadağın edilərək kapitulyasiyaya məcbur qalmış, daxili siyasi böhranın ağuşunda çabalayan İrəvanın hansısa şərt diqtə etmək gücü yoxdur. Üstəlik, bütün Qarabağ torpağı Azərbaycan ərazisidir və ermənilərin burada hansı ölkənin əsgərlərinin dayanmasını müəyyən etmək hüququ mövcud deyil.

Əlbəttə, Rusiya bundan bəhanə kimi istifadə etməklə Türkiyəni prosesdən kənar tutmağa çalışır. Amma Prezident Ərdoğanın, Xarici İşlər naziri Çavuşoğlunun aktiv səyləri göstərir ki, Türkiyə müttəfiqi Azərbaycanı müdafiə etmək üçün prosesdə iştirakda israrlıdır. Mümkündür ki, rus sülhməramlılarının Qarabağa gətirdiyi hərbçi və texnika miqdarında türk silahlı qüvvələri də Azərbaycana gətirilsin.

Rusiyanın müxtəlif konflikt zonalarına göndərdiyi sülhməramlı qüvvələrdən əslində region ölkələrinə təsir etməyə çalışdığı məlumdur. Azərbaycan bu perspektivdən sığortalanmaq üçün qardaş Türkiyə hərbi qüvvələrini ölkəyə dəvət edib işğaldan azad edilmiş bölgələrdə yerləşdirmək hüququndan istifadə edə bilər.

Azərbaycan və Türkiyə diplomatiyasının aktiv fəaliyyəti qardaş ölkənin hərbi missiyasının regionda Rusiya qüvvələri ilə bərabər şəkildə təmsil olunacağını gözləməyə əsas verir. Böyük ümidlər var ki, qısa müddətdə bu istiqamətdə ciddi uğurlar əldə olunsun və Azərbaycan ictimaiyyətinin narahatlıqları aradan qalxsın.
Elçin Rüstəmli
AzPolitika.info
13.11.2020 10:33:00
Oxuma sayı: 116