Baş prokuror Ermənistanın müharibə cinayətlərini açıqladı: 91 ölü, 400 yaralı, 2442 dağılan ev...
Ölçü:


Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 nəfər dinc sakin həlak olub.

Koordinat.az
-ın məlumatına görə, bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə baş prokuror Kamran Əliyev deyib. Onun sözlərinə görə, o bildirib ki, təxribat nəticəsində 400 nəfər dinc sakin yaralanıb: "Ermənilərin təxribatı nəticəsində Azərbaycanın yaşayış məntəqələrində 2442 yaşayış evi dağılıb, 92 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb. Həmçinin erməni təxribatları zamanı 428 mülki obyektə ziyan dəyib".

K.Əliyev deyib ki, həlak olanların 1-i körpə, 10-u uşaq, 27-si qadın, 53 nəfəri kişidir. Həlak olanların 15 nəfəri ahıl yaşlı insanlardır.

Baş Prokurorun sözlərinə görə, sentyabrın 27-dən bu günə kimi Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 52 cinayət işi başlanıb. O qeyd edib ki, həmin cinayətlərdən 39-u Azərbaycanın yaşayış məntəqələrinin raket atəşinə tutulması ilə bağlıdır: “Həmçinin, Dağlıq Qarabağda mizdluların döyüş əməliyyatında iştirakı ilə bağlı 5, tarixi abidələrin dağıdılması və ekologiyaya zərər dəyməsi ilə bağlı 1 cinayət işi başlanıb. Həmçinin mizdluların döyüş əməliyyatında əsir düşmüş hərbçilərə qeyri-insani rəftarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsində 3, Respublika Hərbi Prokurorluğunda isə 4 cinayət işi başlanıb. Hazırda bütün cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir”.

30.10.2020 14:30:00
Oxuma sayı: 21