Azərbaycanın axtarışa verdiyi rusiyalı təxribatçı yenə Qarabağa gəldi
Ölçü:


Azərbaycanın axtarışa verdiyi bloger, “Wargonzo” layihəsinin yaradıcısı Semyon Peqov yenə işğal altındakı Qarabağa gəlib.

Koordinat.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gecə işğal altındakı Xankəndi şəhərindən canlı yayıma çıxan bloger növbəti dəfə cəbhədəki vəziyyətlə bağlı yalan məlumatlar yayıb. Oktyabrın əvvəllərində Azərbaycan Ordusunun uğurlu əks-hücumlarına görə, tələsik Rusiyaya qaçan blogerin rəisi, Rusiyanın “News Media” holdinqinin erməni mənşəli sahibi Aram Qabrilelyanov tərəfindən Qarabağa yenidən məcburən göndərildiyi bildirilir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu 1985-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Semyon Peqov barəsində cinayət işi açıb. O, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış “Artsax” adlı qondarma rejimi dəstəkləməklə müəllifi olduğu internet resurslarında çoxsaylı videogörüntülər paylaşıb, Rusiya Federasiyasının vətəndaşlarına səslənərək Ermənistan Respublikasına kömək məqsədilə döyüş əməliyyatlarının aparıldığı bölgəyə gəlmələrinə, habelə ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş Prokurorluq tərəfindən qeyd edilən şəxsin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib.

30.10.2020 12:44:00
Oxuma sayı: 107