Müharibə Ermənistan iqtisadiyyatını çökdürür
Ölçü:


Ötən gün müharibənin bir ayı tamam oldu. Bu müddət ərzində Azərbaycan Ordusu tərəfindən 4 şəhər, 3 qəsəbə və 162 kənd işğaldan azad edilib. Düşmənin canlı qüvvəsi ilə yanaşı təxminən 2.5 milyard dollar dəyərində hərbi texnikası məhv edilib.

Maraqlıdır, Ermənistan iqtisadiyyatı uzunmüddətli müharibəyə davam gətirə bilərmi?

Koordinat.az xəbər verir ki, millət vəkili, iqtisadçı alim Vüqar Bayramov "Yenisabah"a açıqlaqmasında Ermənistanın xarici borcunun əhəmiyyətli şəkildə böyüməsindən danışıb. O, qeyd edib ki, ötən yayda Ermənistan iqtisadiyyatındakı azalma tendensiyası davam edib: "Ermənistan həm makroiqtisadi, həm sosial göstəriciləri baxımından savaşa kifayət qədər neqativ başladı. Sözsüz ki, savaş da Ermənistan iqtisadiyyatına ciddi təsir göstərdi, əslində, elə savaşın ilk həftələrində "Fitch” Beynəlxalq Kredit Agentliyi tərəfindən Ermənistanın kredit reytinqinin aşağı salınması ilə  bağlı qərar qəbul edildi və bu birbaşa savaşın Ermənistan iqtisadiyyatına təsirləri ilə əlaqələndirildi. Təbii ki, savaşdan sonra Ermənistanın xarici borc asılılığının artmasını müşahidə etdik. Hazırda Ermənistanın xarici borcu 8 milyard dollardan çoxdur. Bu, Ermənistanın ümumdaxili məhsulunun 70 faizi təşkil edir. Eyni zamanda cəmi 2 milyard dollarlıq valyuta ehtiyatlarına malik olan Ermənistanın hazırda xarici rezervləri onun xarici borcunun ¼-ni təşkil etmir. Pisləşmə davam edir. Belə ki, Ermənistan rəsmi statistikasına görə, hər üç nəfərdən 1-i yoxsuldur. Həmçinin biz Ermənistanda hər 4 nəfərdən birinin işsiz olduğunu da müşahidə edirik”.

Deputat bu kontekstdə Ermənistanın uzunmüddətli müharibə aparmaq imkanına sahib olmadığını vurğulayıb: “Ermənistan iqtisadiyyatı faktiki olaraq savaşa reaksiya verməkdədir və güman olunur ki, növbəti dövrlərdə də Ermənistanın kredit reytinqində azalmalar müşahidə olunacaq. Xarici borc asılılığının artacağı gözlənilir, çünki ötən həftə Ermənistan parlamenti 2020-ci il Ermənistan dövlət büdcəsinə baxaraq xarici borclanma limitinin artırılması ilə bağlı qərar qəbul etdi. Bu da ondan xəbər verir ki, Ermənistan növbəti dövrdə də ciddi xarici borclanmaya gedəcək. Məhz buna görə Ermənistan hərbi-siyasi hakimiyyətinin narahatdır, Ermənistan uzunmüddətli dövr üçün savaş aparmaq  imkanına malik deyil, elə bir iqtisadi gücü yoxdur. Nəticə olaraq Ermənistanda fərqli dövlət rəsmiləri, Ermənistan rəhbərliyi müraciət edərək, hətta bəzi hallarda yalvararaq savaşın dayandırılmasını, atəşkəsin əldə edilməsini istəyir. Bunlar təbii ki, iqtisadi səbəblərlə bağlıdır. Cəbhə bölgəsindəki uğursuzluqları buna yol açıb”.
28.10.2020 13:51:00
Oxuma sayı: 25