Azərbaycandakı F-16-lar Ermənistanı qorxudur...
Ölçü:

Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən Ermənistan indi də Azərbaycanda təlim vaxtı gətirilən və bu günə qədər istifadə edilməyən, Türkiyənin F-16 təyyarələrinin ölkəmizdə olmasından narahatdır

Koordinat.az bildirir ki, bunu "Trend"ə açıqlamasında Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib. O, bildirib ki, Ermənistan Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu münaqişəyə cəlb etmək istəyir. Bu məqsədlə Türkiyə hərbçilərinin guya Azərbaycan tərəfdən döyüşdüyünü və F-16 təyyarələrinin Azərbaycanda döyüşlərə qatıldığını iddia edir, zaman - zaman bəyanatlar verirlər: "Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə bildirib və sübut edib ki, Azərbaycan Silahlı Qüvvələri döyüşlərdə nə Türkiyə hərbçilərindən, nə də F-16 təyyarələrindən istifadə edir. Həmin təyyarələr Türkiyə - Azərbaycan hərbi təlimlərində iştirak etmək üçün Azərbaycana gətirilib, stabilləşdirici qüvvə kimi saxlanılıb. Məqsəd odur ki, əgər prosesə 3-cü qüvvə müdaxilə edərsə, F-16 təyyarələrindən həmin vaxt istifadə ediləcək. Hal-hazırda bu F-16-lar istifadəsizdir. Sadəcə, bu məsələ Ermənistanı və bu ölkəni himayə edən dövlətləri narahat edir. Onlar istəyirlər ki, bu yolla Rusiya və digər ölkələri məsələyə cəlb edib status-kvonu bərpa etsin, münaqişəni yenidən uzatsınlar".

Milli Qəhrəman bildirib ki, əslində işğalçı dövlət hazırki dövrdə də başqa ölkələr tərəfindən silahlandırılır: "Bu fakt döyüşlər zamanı ortaya çıxdı. Bir aylıq müddət ərzində baş verən döyüşlərdə Azərbaycan Sİlahlı Qüvvələri tərəfindən məhv edilən və qənimət kimi götürülən silah-sursat, hərbi texnikaların sayı bir daha bunu sübut etdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın beynəlxalq kvotadan qat-qat artıq silah-sursat və hərbi - zirehli texnikalarını məhv edib, qənimət kimi götürüb. İqtisadi gücü olmayan Ermənistanda bu qədər silah, hərbi texnika haradandır? Deməli, müxtəlif ölkələr daimi olaraq Ermənistanı silahlandırır. Özlərinin cinayətlərini ört-basdır etmək üçün onlar diqqəti Azərbaycana yönəltmək istəyirlər".
28.10.2020 12:29:00
Oxuma sayı: 27