Atəşkəslə bağlı bütün razılaşmalar Ermənistan tərəfindən pozulub - FAKTLAR
Ölçü:


1993-1994-cü illərdə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dörd qətnamə qəbul edib, amma onların heç biri yerinə yetirilməyib.

Tərəfləri danışıqlar masasına gətirmək cəhdləri fərqli səviyyələrdə edilib. Ancaq hər dəfə Ermənistanda və ya Azərbaycanda liderlər dəyişəndə danışıqlara yenidən başlamaq lazım gəlib. Danışıqlar Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupu tərəfindən aparılıb: bu qurum 1992-ci ilin martında Minskdə keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) konfransında yaradılıb.

-1991-ci ilin noyabrın 20-də Qarakənd üzərində Mi-8 helikopterinin vurulması məhz ilk atəşkəs razılaşmasının ermənilər tərəfindən pozulması faktı olub;

-İranın Xarici İşlər naziri Əli Əkbər Vilayəti vasitəçilik səylərinə 1992-ci il fevralın 25-də başladı. İran İslam Respublikası BMT-nin Təhlükəsizlik Şurası atəşkəs üçün müraciət etdi. Buna baxmayaraq, 1992-ci il 26 fevral tarixində Xocalıda azərbaycanlıların soyqırımı törədildi;

-İran tərəflər arasında atəşkəs müqaviləsinin imzalanmasına 1992-ci il martın 15-də, 1992-ci il mayın 8-də də vasitəçilik etdi. Lakin 1992-ci il mayın 8-də ermənilər Şuşanı işğal etdilər;

-1992-ci avqustun 27-dən başlayaraq Qazaxıstan tərəflər arasında vasitəçilik etməyə cəhd göstərdi və nəticədə, 1992-ci il avqustun 28-də atəşkəs razılaşması imzalandı. Atəşkəs razılaşması 1992-ci il sentyabrın 1-də qüvvəyə mindi, lakin bir neçə gün sonra Ermənistan tərəfindən pozuldu;

-1992-ci il sentyabrın 19-da Rusiya tərəflər arasında atəşkəs razılaşmaya vasitəçilik etdi və atəşkəs 1992-ci il sentyabrın 25-də qüvvəyə mindi. Bu dəfə də ermənilər öz xislətinə uyğun olaraq razılaşmanı pozdular;

-1993-cü il aprelin 8-də Rusiya tərəflər arasında atəşkəs müqaviləsinin imzalanmasına vasitəçilik etdi və atəşkəs 1993-cü il iyunun 27-də qüvvəyə minsə də, qısa müddət sonra ermənilər tərəfindən pozuldu;

-İran Prezidenti Həşimi Rəfsəncaninin vasitəçiliyi ilə 1993-cü ilin oktyabrın 28-də atəşkəs razılaşması əldə olunmuşdu. Ermənistanın sabiq prezidenti Robert Köçəryan “Həyat və azadlıq: Dağlıq Qarabağla Ermənistanın sabiq prezidentinin tərcümeyi-halı” kitabında yazıb: “Azərbaycanla atəşkəs anlaşmalarından həmişə öz xeyrimizə istifadə etməyə çalışmışdıq. 1993-cü ilin oktyabrında da belə oldu. Atəşin qarşılıqlı şəkildə dayandırılması ilə bağlı razılaşmadan istifadə edərək hücuma keçdik və oktyabrın 29-da Zəngilanı aldıq”;

-1994-cü ilin mayın 12-də vasitəçilər Qarabağda atəşkəsə nail ola bildilər. Həmin dövrdə muxtar vilayətin ərazisi və ona bitişik yeddi rayon ermənilərin işğalı altında idi.

Ötən dövr ərzində Ermənistan və Dağlıq Qarabağdakı qondarma rejim faktiki olaraq hər gün atəşkəs rejimini pozublar:

-2010-cu il iyunun 18-də Ermənistanın atəşkəsi pozması nəticəsində Ermənistan tərəfdən 4, Azərbaycan tərəfdən 1 hərbçi həlak olub;

-2010-cu il avqustun 31-də güclü atışma, sentyabrın 4-də Ağdərədə silahlı toqquşma qeydə alınıb;

-2012-ci il 4-8 iyunda Ermənistanla sərhəddə silahlı toqquşma nəticəsində Azərbaycan ordusu 5 şəhid verib, Ermənistan ordusunda 11 nəfər həlak olub;

-2014-cü il mayın 28-də Füzuli rayonunda atəşkəs rejimini pozan Ermənistan birləşmələri mövqelərimizə hücum ediblər.

-Həmin ilin noyabr ayında erməni birləşmələri mövqelərimizi iriçaplı pulemyotlardan və artilleriya qurğularından atəşə tutaraq atəşkəs rejimini pozublar;

-Ən ciddi toqquşma 2016-cı ilin aprelində baş verib. Aprelin 2-də Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun mövqelərinə hücuma keçib. Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində düşmən itki verərək geri çəkilib. Həmin dövrdə Azərbaycan bir sıra strateji yüksəklikləri və böyük ərazini geri qaytarıb;

-2020-ci ilin iyul ayının 12-də Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib və Tovuz rayonundakı mövqelərimizə hücum edib.

Beləliklə, yuxarıda deyilənlərə əsasən yekunda onu qeyd etmək olar ki, Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonrakı dövrdə atəşkəs rejiminin tətbiq olunması ilə bağlı bütün razılaşmalar Ermənistan tərəfindən pozulub. Faktlar hazırda hərbi əməliyyatların başlanmasına görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü təsdiq edir. (Azərtac)

27.10.2020 17:13:00
Oxuma sayı: 25