Döyüşlər Ermənistan ordusu Azərbaycan ərazilərindən çıxanadək davam edəcək
Ölçü:

Azərbaycan Ordusunun Qarabağda başladığı əks-hücum əməliyyatı işğal altında olan ərazilərin azad olunması ilə davam etdikcə Ermənistanın havadarlarının rəsmi Bakıya təzyiqləri artır. Azərbaycana təzyiqlərin artması döyüşlərin dayandırılacağı və yenə də sonu görünməyən danışıqlar prosesinin bərpa ediləcəyi barədə mülahizələrə səbəb olub.

Koordinat.az xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlərinin “Vaşinqton görüşü”ndən sonra humanitar atəşkəs barədə razılığa gəlinməsi başlanğıc addım kimi dəyərləndirlir. Lakin Prezident İlham Əliyevin xalqa bu günki müraciəti döyüşlərin dayandırlacağı və ənənəvi danışıqlar prosesinin başlayacağı barədə ehtimalları alt-üst etdi.

İlham Əliyev döyüşlərin dayandırılması üçün Azərbaycanın şərtlərini yenidən diqqətə çatdırıb. Prezident bildirib ki, Azərbaycan da müharibə istəmir, amma bunun üçün Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır. “Şuşada Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək (Ermənistanın Baş naziri Nikol Paşinyanı nəzərdə tutur - red) bəyan etsin ki, çıxıram. Yoxsa gündə 5-6 dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz haqqı-ədaləti müdafiə edirik”, - deyə İlham Əliyev bəyan edib.

Prezidentin sözlərindən belə anlaşılır ki, Bakının şərti yerinə yetirilməyənə qədər Azərbaycan Ordusu əks-hücum əməliyyatını davam etdirəcək: “Biz yolumuzu davam edəcəyik. Atəşkəs istəyirlərsə, desinlər işğalçı dövlətə rədd olsun çıxsın. Yox? Axıra qədər gedəcəyik, sonacan gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki qovuruq. Necə ki qaçır bizim qabağımızdan və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük”.

Münaqişənin baza prinsipləri əsasında həllinə gəlincə, artıq həmin prinsiplər də əhəmiyyətini itirib. Çünki artıq Azərbaycan baza prinsiplərində nəzərdə tutulan 5 rayonun 4-nü işğaldan azad edib. Ölkə başçısı da çıxışında artıq ənənəvi formulanın iflasa uğradığına işarə vurub. Bununla da baza prinsiplərində nəzərdə tutulan Dağlıq Qarabağa yüksək status verilməsi, bir neçə ildən sonra referendum keçirilməsi də gündəmdən çıxıb. Hər halda Bakı üçün artıq bu məsələ bitib. İlham Əliyev bundan əvvəlki çıxışında bəyan etmişdi ki, referendum olmayacaq.

Beləliklə, Prezidentin çıxışından görünür ki, Bakı başladığı haqq işi yarımçıq saxlamaq niyyətində deyil.
26.10.2020 16:53:00
Oxuma sayı: 27