Danışır Kəlbəcər!
Ölçü:


Kifayət Hüseynova ilə orta məktəbdə bir sinifdə oxumuşduq. Anası Siyatel xalanın vaxtsız vəfatı onun uşaq çiyinlərinə olduqca ağır bir dərd yükü qoymuşdu. Özündən balaca qardaşları Vilayətin, Seymurun ana kimi qayğısını çəkirdi. Atası Umud dayı məktəbimizdə təsərrüfat işləri üzrə direktor müavini işləyirdi. Müəllimlərin və şagirdlərin sevimlisinə çevrilmişdi. Olduqca zəhmətkeş işçi və qayğıkeş ailə başçısı idi. Kifayət 1972-ci ildə Kəlbəcər şəhəri 2 saylı orta məktəbi əla qiymətlərlə birtirdi və 1982-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitunun filologiya fakultəsin bitirərək, doğma kəndi Qaraçanlıya dil-ədəbiyyat müəllimi təyin edilmişdi. İşlədiyi elə ilk gündən şagirdlərinin və müəllim yoldaşlarının sevgisini qazanmışdı. Kənd əhalisi onu bacarıqlı müəllim kimi tanıyırdılar.

Bir gün kənd məktəblərinə baş çəkən raykom katibi onun sinif otağının səliqə-səhmanını, divardakı stendlərini, əyani vəsaitlərini olduqca diqqətlə nəzərdən keçirdi. Kifayət müəllimənin öz əlləri ilə tərtib olunmuş hər bir əyani vəsaitin elmiliyi, bədiiliyi, zövqlü tərtibatı göz oxşayırdı. Raykom katibi bu gənc kənd müəlliməsinin işini çox bəyəndi və onu şəhərə işə dəvət etdi. Elə ailəsinin də şəhərdə yaşaması onun işləməsi üçün əlverişli idi. İki il “Kitabı sevənlər cəmiyyəti”nə rəhbərlik etdi. İşində işgüzarlığı ilə fərqləndi. “Yenilik” qəzetinin redaksiyasına dəvət olundu. Məzmunlu, gözəl, bədii məqalələri ilə oxucular arasında sevilən bir jurnalistə döndü. Bacarığına görə redaksiyada partiya təşkilat katibi seçildi. Kəlbəcərin mühasirə illərində radio informasiya şöbəsinin müdiri təyin olundu. Elə diktoru da özü oldu. Hərdən könüllü korrektorluq da edirdi. Həftədə bir dəfə efirə çıxırdı:

-“Diqqət! Diqqət! Danışır Kəlbəcər radiosu! Bu gün Söyüdlü zastavasına erməni quldurları basqın ediblər və düş-mən layiqli dərsini alıb geri çəkilməyə məcbur olmuşdur. Döyüşçülərimiz arasında şəhid olan və yaralanan yoxdur!” “Bu gün Kəlbəcər könüllü batalyonu Ağdərə istiqamətində hücuma keçərək daha bir yüksəkliyi düşməndən geri almış-dır. Döyüşçülərimiz arasında yaralılar var!” “Bu gün zasta-valarda nisbi sakitlikdir. Əhalinin nəzərinə! Hava hücumu zamanı aşağıdakı qaydalara əməl etmək lazımdır...” “Bu gün Dranbon uğrunda ağır döyüşlər gedir...”

Hər dəfə radio dalğalarında:-Diqqət! Diqqət! Danışır Kəlbəcər radiosu!-sözlərini eşitdikcə qəlbimiz fərəh hissi ilə çırpınırdı. Demək, Kəlbəcərim yaşayırdı...Demək Kəlbəcərim döyüşürdü...Hər dəfə efirdən istedadlı jurnalistimiz Kifayətin məlahətli, könül oxşayan səsini eşitdikcə, mən də öz-özümə pıçıldayırdım:
 
Danış bacım! Səsin gəlsin efirdən!
Hər gün bizə xeyir xəbər söylə sən!
Gün o gün olsun ki, bu dalğalardan,
Qələbə soraqlı müjdə verəsən.

İgidlər səfərbər olduğu gündən,
Mərdliklə sərhəddə durduğun danış!
Dağlarda keşikçi məntəqələrin,
Alınmaz qala tək qurduğun danış!

“Danışır Kəlbəcər!”- Danış, qoy səsin
İstiqlal marşı tək qəlbimə axsın!
Gülləyə, mərmiyə dönüb yağının
Qəfil ildırım tək başında çaxsın!

Kəlbəcərin işğalından sonra ailəsi ilə birlikdə Bakıda məskunlaşdı və onu Azərbaycan radiosuna işə dəvət etdilər...Bu dəfə onun səsi Azərbaycan radiosundan dünyaya yayımlanmağa başladı...

Başın sağ olsun Azərbaycan radiosu! Başın sağ olsun Kəlbəcər eli! Bir jurnalist qız köçdü bu dünyadan...Simurq quşu kimi həyatını qardaşlarının yolunda odda yandırıb fəda etdi...

Mirvari VERDİYEVA,
ADPU-nun dosenti


 
01.02.2018 20:10:22
Oxuma sayı: 881