İlham Əliyev: “Qarabağda heç bir eferendum olmayacaq, heç vaxt”
Ölçü:

“Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq”.

Koordinat.az
xəbər verir ki, bunu Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib. Jurnalistin “Dağlıq Qarabağı geri qaytarandan sonra Siz Madrid prinsiplərində qeyd olunduğu kimi, onların öz müqəddəratını təyinetmə hüququna hörmət edəcəksinizmi və referenduma razılıq verəcəksinizmi?” sualına cavab olaraq prezident fikirlərini belə davam etdirib: “Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var".

Prezident bildirib ki, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr, nə baş verər: "Belə olan halda dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt”.
22.10.2020 14:26:00
Oxuma sayı: 30