Azərbaycana qarşı təbliğat aparan rusiyalı jurnalist Qarabağdan qaçdı
Ölçü:

Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlib Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yayan “WarGonzo”nun jurnalisti Semyon Peqov Qarabağdan qaçıb.

Koordinat.az
xəbər verir ki, jurnalist bu barədə “Wargonzo”nun Teleqram kanalında yazıb. O, hazırda Rusiyanın Xabarovsk vilayətində olduğunu bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu 1985-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Semyon Peqov barəsində cinayət işi açıb. O, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış “Artsax” adlı qondarma rejimi dəstəkləməklə müəllifi olduğu internet resurslarında çoxsaylı videogörüntülər paylaşıb, Rusiya Federasiyasının vətəndaşlarına səslənərək Ermənistan Respublikasına kömək məqsədilə döyüş əməliyyatlarının aparıldığı bölgəyə gəlmələrinə, habelə ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş Prokurorluq tərəfindən qeyd edilən şəxsin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

20.10.2020 13:21:00
Oxuma sayı: 24