İsveçrədəki səfirimiz ermənilərin yalanını ifşa etdi
Ölçü:

Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova milli və beynəlxalq səviyyədə İsveçrənin ən böyük radiosu hesab edilən “RTS” radiosuna Ermənistanın Azərbaycana qarşı təcavüzü və hazırda gedən döyüşlər barədə müsahibə verib.

Koordinat.az xəbər verir ki, müsahibə radionun “Əsas vaxt”ında efirə gedib. Səfir Azərbaycan ərazisinin 20 faizinin- Dağlıq Qarabağ və ətraf 7 rayonun- 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olduğunu, bu münaqişədə Ermənistanın təcavüzkar və işğalçı dövlət kimi qəbul edilməsinin vacibliyini dinləyicilərə çatdırdıqdan sonra bildirib ki, Azərbaycan tərəfi Moskva görüşündə konstruktiv şəkildə iştirak etmiş, atəşkəsə hörmət edəcəyi ilə bağlı öhdəlik götürüb.

Azərbaycanın ən qısa zamanda danışıqlara başlamağa hazır olduğunu bildirən səfir X.İbrahimova Ermənistanın tamamilə fərqli mövqe tutduğunu və əldə edilən humanitar atəşkəsdən bir neçə saat sonra ölkəmizin ikinci böyük şəhəri hesab edilən Gəncənin ballistik raketlə vurduğunu və nəticədə 10-dan çox mülki əhalinin qətlə yetirildiyini, çox sayda insanların yaralandığını bildirib. Oktyabrın 14-nə olan statistikaya əsasən yaşlılar və uşaqlar daxil olmaqla 43 mülki şəxs öldürülmüş, 214 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Müsahibə zamanı Türkiyənin müharibədə iştirakı ilə bağlı məqamın müzakirəsində səfir Türkiyənin müstəqilliyimizin möhkəmləndirilməsində, ərazi bütövlüyümüzün qorunmasında və iqtisadi potensialımızın həyata keçirilməsində əsas rol oynadığını diqqətə çatdıraraq, Türkiyədən heç bir hərbi yardımın alınmadığını və buna ehtiyacın da olmadığını qeyd edib. Qeyd olunub ki, Türkiyə sadəcə mənəvi, diplomatik və siyasi dəstək verir. Bu barədə yayılan məlumatların erməni təxribatlarından başqa bir şey olmadığını bildirilib.

Türkiyə vasitəsilə suriyalı muzdluların ölkəmizə göndərilməsi yalanlarını da canlı yayımda ifşa edən səfir İbrahimova bu iddianın hərbçilərimiz üçün təhqir olduğunu dilə gətirərək Azərbaycanın kifayət qədər güclü və təcrübəli ordusunun mövcudluğunu qeyd edib və Azərbaycan torpaqlarında nə Türk qoşunlarının, nə də hər növ muzdluların olmadığını bildirib. Bu xəbərlərin Ermənistan rəhbərliyi və diasporası tərəfindən yayılan uydurma, saxta xəbərlər olması vurğulanıb. Sonra Ermənistanın xarici muzdlulardan “könüllü döyüşçülər” adı altında istifadə etməsi qeyd olunaraq bu faktın sosial şəbəkələr vasitəsilə sübut edilə biləcəyi dinləyicilərin diqqətinə çatdırılıb.

Radio aparıcısının Azərbaycanın İsveçrədən indiki məqamda nə gözləməsi ilə sualına cavab olaraq səfir X.İbrahimova İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini, işğal edilmiş ərazilərimizdə yaradılan “qondarma” rejimi tanımadığını vurğulayıb. Eyni zamanda dinləyicilərin diqqətinə çatdırılıb ki dünyanın heç bir dövləti “qondarma” rejimi tanımır. O bildirib ki, İsveçrə bir neçə dəfə sülh danışıqları üçün platforma təqdim edib və bu xüsusda, İsveçrənin oynaya biləcəyi rollardan biri də Ermənistana beynəlxalq hüquqa və Təhlükəsizlik Şurasının qərarlarına hörmət göstərilməsi ilə bağlı mövqenin çatdırılması olardı.

 

16.10.2020 17:38:00
Oxuma sayı: 199