Bakı-Tbilisi-Qars dəmir yolu: Azərbaycan nümayəndə heyəti Türkmənistanda belə qarşılandı - FOTOLAR
Ölçü:


Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistana rəsmi səfəri çərçivəsində Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb.

Koordinat.az xəbər verir ki, görüşdə nazirlər iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bu günki səviyyəsini təqdir edərək sözügedən əlaqələrin bundan sonra da Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində davam etdiriləcəyinə əminliklərini bildiriblər. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində siyasi dialoqun, qarşılıqlı səfər mübadilələrinin, həmçinin XİN-lərarası məsləhətləşmələrin vacibliyi qeyd olunub.

Nazirlər Türkmənistan Prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında Strateji Tərəfdaşlığa dair Bəyannamənin imzalanması ilə əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qədəm qoyduğunu bildiriblər.
Azərbaycan və Türkmənistanın digər sahilyanı dövlətlərlə birlikdə Xəzər dənizində dostluq, əməkdaşlıq və qarşılıqlı anlayışı təşviq etdiyi vurğulanıb. Nazirlər ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Xatırladaq ki, səfərdə nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələrinin də daxil olub. Bu qurumların nümayəndələri ilə Türkmənistanın Dəmir yol nazirliyi, Dövlət dəniz və çay nəqliyyatı xidməti və Nebit qaz təşkilatı arasında keçirilən sahəvi görüşlərin enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı baxımdan əhəmiyyəti vurğulanıb.

Elmar Məmmədyarov Şərq-Qərb nəqliyyat dəhlizinin vacib infrastruktur komponenti olan Bakı-Tbilisi-Qars dəmir-yolu xəttinin fəaliyyətə başlaması ilə region ölkələri, o cümlədən Türkmənistan üçün nəqliyyat sahəsində yeni imkanlar açıldığını diqqətə çatdırdı. Həmçinin Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində ikitərəfli (idxal-ixrac) və tranzit yük daşımaları, eləcə də dəmir yolu, dəniz və avtomobil daşımaları vasitələri ilə inkişafın əldə olunması üçün müvafiq işlərin görülməsinin əhəmiyyəti vurğulandı.

Görüşdə iki ölkə arasında iqtisadi, humanitar, turizm və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıldı. Bu xüsusda iqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, bu sahədə birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığın daha da genişləndirilməsinə dair birgə səylərin artırılmasının vacibliyi qeyd olundu.

Azərbaycan-Türkmənistan-Türkiyə formatında üçtərəfli əməkdaşlığın inkişafından və bu formatda regional əməkdaşlığı təşviq edən birgə layihələrin icrasından məmnunluq ifadə etdilər. Bu xüsusda, 2017-ci ilin 18-19 iyul tarixində Bakıda keçirilmiş üçtərəfli görüşdə müzakirə olunan və Bakı bəyannaməsində təsbit olunan birgə layihələrin icrasına dair fikir mübadiləsi aparıldı.

31.01.2018 22:47:00
Oxuma sayı: 7102