Magistr olmaq istəyənlərə ödənişsiz hazırlıq kursları təşkil edilib
Ölçü:


Azərbaycan Texniki Universitetində (AzTU) 2017-2018-ci tədris ilində ölkənin ali təhsil müəssisələrində ilk dəfə magistraturaya ödənişsiz hazırlıq kursları təşkil olunub. Kursların təşkili və tələbələrin bu kurslara cəlb edilmələri üçün AzTU-nun elm və texnika üzrə prorektoru İlham Pirməmmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb. İşçi qrupu bu gündən etibarən tələbələrin kurslara qeydiyyatını elan edib. Noyabrın 19-dək davam edəcək qeydiyyat AzTU-nun magistratura və doktorantura şöbəsində (I korpus, 428-ci otaq) aparılır.

AzTU-dan Koordinat.az-a verilən məlumata görə, qeydiyyat prosesi başa çatdıqdan sonra, noyabrın 23-də kurslara yazılan tələbələr arasında sınaq imtahanı keçiriləcək. Bu imtahanın nəticəsinə əsasən tələbələrin bilik səviyyələrinə uyğun qruplar yaradılacaq.

İki mərhələdən ibarət olan kursların birinci mərhələsi dekabrın 1-dən gələn il fevralın 15-dək, ikinci mərhələsi isə gələn il martın 1-dən iyunun 30-dək təşkil olunacaq.

Qeyd edək ki, tələbələrin magistraturaya qəbul imtahanında müvəffəqiyyət səviyyəsinin artırılması məqsədilə yaradılan kurslar AzTU-da ötən tədris ilində də təşkil olunub. Kurslarda iştirak edən tələbələrin 89 faizi magistraturaya qəbul imtahanından müvəffəqiyyətlə keçib.

 
13.11.2017 15:41:00
Oxuma sayı: 99