Onlayn dərslərə qoşula bilməyən şagirlərə vacib tövsiyə
Ölçü:

Məlum olduğu kimi, pandemiya ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" platforması çərçivəsində dərslər keçirilir. Ancaq "Microsoft teams" proqramı vasitəsilə dərslərə qoşulanlar bəzi çətinliklərlə qarşılaşır.

Koordinat.az xəbər verir ki, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova lent.az-a açıqlamasında problemin həlli ilə bağlı bəzi tövsiyələri şagirdlərin diqqətinə çatırıb. O bildirib ki, platformaya qoşulmaq üçün əvvəlcə virtual.edu.az saytına daxil olmaq lazımdır: “Sayta daxil olan kimi ekrana ilk növbədə “Virtual məktəbə daxil ol” bölməsi çıxır. Daha sonra isə şifrə bərpası gəlir.

Hazırda “Virtual platforma” layihəsi ilə bağlı müraciətlər arasında şifrə bərpası ilə bağlı müraciətlər üstünlük təşkil edir. Şifrələrin yaddan çıxarılması və bərpası ilə bağlı xeyli müraciətlər var ki, biz də şifrə bərpası prosesini saytda sadələşdirdik. “Virtual məktəb” saytını yeniləmişik. Həm şagirdlər, həm də müəllimlər üçün onların işini asanlaşdıran əlavə videotəlimatlar sayta yüklənib. Bu təlimatlarda platformada necə işləməyin qaydaları izah edilir”.

F.Nəcəfova bildirib ki, bəzən istifadəçilərin profilinin özündə problem olur: “Profilin mexanizm hissəsində valideynlər və ya şagirdlər bilmədən təqvimi silirlər və bəzən bilmədən qrupdan çıxırlar. Nəticədə sinfi, dərsi görməməklə bağlı şikayətlər olur. Profilə daxil olanda görürük ki, şagird səhvən qrupdan çıxıb. Ya təqvim ümumi görüntüdən gizlənmə moduna keçib. Bu kimi problemlər olduqda müraciətdən sonra aradan qaldırılır”.

Şöbə müdiri çətinlik yaşayanlar üçün “Qaynar xətt”i də xatırladıb: “Müraciət üçün “Qaynar xətt” var-146-4. Sadəcə daha öncə virtual.edu.az saytında təlimatlar hissəsinə nəzər salınsın. Əminəm ki, istifadəçilər təlimatda bütün suallara cavab tapa biləcəklər. Əks halda isə dediyim kimi, “Qaynar xətt” və ya teams@tsii.edu.az ünvanına şikayətləri ilə bağlı yaza bilərlər”.

25.09.2020 13:48:00
Oxuma sayı: 61