Şagirdlər arasında virusa yoluxma sayı artır...
Ölçü:

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı vəziyyəti açıqlayıb. Nazirlikdən bildirilib ki, sentyabrın 23-də 59 şagird və 4 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 7 şagird və 6 işçidə koronavirus aşkarlanıb.

Koordinat.az xəbər verir ki, yoluxma halları valideynlərdə və ümumən ictimaiyyətdə narahatlıq yaradır. Məktəblərin açılmasının doğru qərar olub-olmadığı barədə suallar var: Bundan sonra necə olacaq? Qərar qüvvəsində qalacaq, yoxsa dəyişdiriləcək?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yoluxma hallarını yalnız məktəblərin açılması ilə əlaqələndirməyin doğru olmadığını vurğuladı: “Yoluxma hər yerdə baş verə bilər. Küçədə də, ev şəraitində də, ictimai nəqliyyatda da hər an yoluxma mümkündür. Məktəb də cəmiyyətin bir hissəsidir, orada da bu hal baş verə bilər”.

Nazirliyin sözcüsü vacib bir məqama diqqət çəkdi: “Açıqladığımız rəqəmlərdə görürsünüz ki, yoluxanların sayı yalnız məktəbə aid deyil. Çox az bir qismi məktəblə bağlıdır. Yoluxanların arasında texniki işçilər, müəllim heyəti də var. Burada yuxarı sinif şagirdləri də var ki, onlar ev şəraitində təhsil alırlar və məktəblərə getmirlər. Biz daha optimist düşünməliyik. Çünki Təhsil Nazirliyi bu rəqəmləri yaymaqla həm də cəmiyyətə açıq və şəffaf şəkildə ümumi vəziyyəti təqdim edir”.

C.Valehovun sözlərinə görə, tədrisin başlaması barədə qərar verəndə nazirlik düşünmürdü ki, yoluxma halı baş verməyəcək: “Bu halın baş verməsi gözlənilən idi. Məktəb də cəmiyyətin bir hissəsidir. Amma biz hazırda kütləvi yoluxmadan, hər hansı fövqəladə vəziyyətdən danışa bilmərik, belə deyil. Gördüyünüz kimi, ayrı-ayrı yoluxma halları baş verdikdə, münasib tədbirlər görülür, həmin sinif  distant təhsil formasına keçirilir və yaxud həmin şagirdlər karantinə alınır və onlarla təmasda olan şagirdlərin, müəllimlərin də karantin rejiminə alınması tətbiq olunur”.

Nazirlik sözçüsü son günlər yoluxma sayının azalmasının sevindirici hal olduğunu, artıq Azərbaycanda ikirəqəmli yoluxma saylarının qeydə alındığını bildirdi: “Biz təhsildən qopmamalıyıq. Təhsil bizim üçün hava-su kimi lazım olan bir prosesdir. Bu mühitdə təhsilimizi davam etdirməliyik. Hər hansı qərar dəyişikliyindən söhbət gedə bilməz”.

Təhsil eksperti Məlahət Mürşüdlü isə vurğuladı ki, virusun məktəblərdə də görünməsi yaxınlaşmaqda olan təhlükədən xəbər verir: “Məktəblərin açılması səhv qərar deyildi. Fikrimcə, məktəblər şagirdləri qəbul etməyə ciddi surətdə  hazırlaşmalı idi. Baş verən yoluxma, Qubada məktəbin bağlanması faktları göstərir ki, hazırlıq işləri yetərincə aparılmamışdı”.

Ekspert hesab edir ki, nazirlik həyəcan təbili vurmalı, əlaqədar qurumlar yoluxma səbəblərini araşdırmalı və təcili tədbirlər görülməlidir: “Məktəblərin bağlanması virusun yayılmasının genişlənməsindən asılıdır. Əgər bu, kütləvi hal alarsa, əllbəttə, məktəblərin bağlanması qaçılmazdır” (Pressklub.az).

24.09.2020 17:06:00
Oxuma sayı: 143