Aqil Abbasdan hökumətə çağırış: "Məktəbləri açın"
Ölçü:


Koronavirusla əlaqədar bu il bütün təhsil müəssisələrində tədris əsasən, onlayn qaydada, yəni internet vasitəsilə keçirilir. Lakin ölkədə internet məninatı aşağı səviyyədə olduğundan şagird və müəllimlərin böyük əksəriyyət onlayn təhsil üsullarından bəhrələnə bilmir. Buna səbəb isə bir çox evdə onlayn təhsil üçün vacib olan internet təminatı və texniki avadanlıqların çatışmamasıdır.

Koordinat.az xəbər verir ki, millət vəkili Aqil Abbas "Yenisabah"a açıqlamasında bu problemin rayon və kənd yerlərində daha böyük çətinliklər yaratdığını deyib. O, bildirib ki, Azərbaycanda evlərin 80 faizində texniki avadanlıqlar yoxdur: “Burada söhbət təkcə maddi imkansızlıqdan getmir, həm də şərait yoxdur. Kəndlərin çoxunda insanlar internetdən istifadə edə bilmirlər, ciddi internet problemi də var”.

Aqil Abbas vurğulayıb ki, Azərbaycanda onlayn təhsil qətiyyən effektli deyil: “Dərs heç sinifdə effektli deyil, qaldı ki, televizor vasitəsilə şagirdə nəsə öyrətsinlər... Amma bildirim ki, hazırda onlayn təhsil vacibdir. Əgər məktəb bağlıdırsa və ya şagirdlər həftədə iki gün dərsə gedirlərsə, bu metod tətbiq olunmalıdır. Amma effektinin olacağını demirəm, çünki əgər effektli olacaqsa, daha məktəbləri bağlayar, hamımız televizor vasitəsilə oxuyaraq universitetə qəbul olarıq da... Onlayn təhsil istədiyimiz effekti heç vaxt verə bilməz”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, deputat olduğu dairədən heç bir valideyn texniki avadanlıqla bağlı ona müraciət etməyib: “Amma mən bir neçə gün əvvəl Ağcabədinin kəndlərində məktəblərdə idim. Gördüm ki, bütün məktəblərdə kompüter və internet var. Lakin məktəbə gəlməyə uşaqların imkanı yoxdur. Mən olduğum kənddə şagirdlərə yox, bir kitabxanaya və  bir məktəbə kompüter söz vermişəm. Lakin yeni kompüter alacağımı demədim. Çünki öz redaksiyamdan iki kompüter aparacam. Mən 4-5 gün ərzində təxminən 100 ailə ilə görüşmüşəm, lakin məndən şagird üçün belə avadanlıq istəyən olmayıb, əgər istəyən olsa, onlar üçün də verərdim. Tək istəkləri məktəblərin açılmasıdır. Nə vaxt tam açılacağını soruşurlar. Ağcabədinin, Ağdamın və yaxud Füzulinin kəndlərində xəstəlik var? Bu məktəbləri açın da! Açın ki, uşaqlar təhsil alsın. Bir çıxış yolu tapılmalıdır”.

24.09.2020 13:42:00
Oxuma sayı: 92