Deputat: “Toylara icazə verilməlidir”
Ölçü:

“Qarşıdakı illərdə demoqrafik problemlərlə qarşılaşmamaq, narazı vətəndaşların işini yüngülləşdirməkdən ötrü toyların keçirilməsinə qoyulan qadağa aradan qaldırılmalıdır”.

Koordinat.az
xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib. O, qeyd edib ki, toyların keçirilməsinə icazə verilərkən koronavirusla bağlı qaydalar sərtləşdirilməlidir: “Fikrimcə, ümumi toyda iştirak edənlərin sayı 40-50 nəfərdən artıq olmamalıdır. Toyu idarə etmək üçün kiçik kollektivlə bir musiqiçi dəvət edilə bilər. Qonaq sayı az olarsa, zallarda sosial məsafənin gözlənilməsi də təmin edilər. Bütün qaydalara əməl edilməklə toyların keçirilməsinə icazə verilməlidir. Çünki bunu ləngitməyin bir adı yoxdur”.

Deputat bildirib ki, daxil olan müraciətlər xeyli insan bu qadağalardan əziyyət çəkdiyini göstərir. Ona görə də bu məsələdə vətəndaşın xeyrinə qərar verilməlidir: “Şadlıq evləri kifayət qədərdir. 50 nəfərlik qonağın iştirakı ilə keçiriləcək toylarda sosial məsafəni qorumaq da mümkün olacaq. Bu halda, yalnız zala daxil olarkən və çıxarkən maska taxılmalıdır. Onsuz da yemək zamanı maska çıxarılır.
Mütləq şəkildə qapıda hamının hərarəti ölçülməlidir. Hər masaya spirt qoyulmalıdır. Belə olan halda hüquqi şəxlərin də məsuliyyəti azalır. Obyektə daxil olan insanların hamısı da qaydalarla bağlı məlumatlandırılmalıdır ki, məsuliyyət fərdi olsun. Yəni bir nəfərin “naqolay” əməlinə görə, sabah kimsə toy yiyəsinin, şadlıq evi sahibinin yaxasından yapışıb cərimələməsin. Bu, mədəni davranışla bağlı məsələdir. Pandemiya başlayandan bugünədək insanlar kifayət qədər gigiyenik qaydalara əməl edirlər, ona görə burada hər hansı problemin meydana çıxacağını düşünmürəm”.

Qeyd edək ki, ayrı-ayrı İcra Hakimiyyətləri rayon daxilindəki restoranlara oktyabrdan etibarən toyların keçiriləcəyinə icazə veriləcəyini bildirib.
24.09.2020 13:16:00
Oxuma sayı: 122