Qüdrət Həsənquliyev cəzalandırıla bilər - Paşinyanın arvadı barədə dediklərinə görə...
Ölçü:

"Azərbaycan Ordusu heç vaxt qadınlarla və ümumiyyətlə, mülki şəxslərlə döyüş aparmayıb. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını daim öz fəaliyyətində rəhbər tutub. Qadın, uşaq və yaşlı insanlara qarşı müharibə aparan və onları hədəfə alan məhz Ermənistan silahlı qüvvələridir".

Koordinat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib. O, deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin "Azərbaycan Ordusunun Ermənistan baş nazirinin həyat yoldaşını əsir götürməsini səbirsizliklə gözləyirik" açıqlamasına münasibət bildirərkən deyib: "Hər kəs orduya və dövlətə ləkə yaxa biləcək təxribatçı açıqlamalardan çəkinməlidir. Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad edilərdi. Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək".

Hikmət Hacıyev ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışına çağırılmasını səfərbərlik kimi qələmə verilməsinə də münasibət bildirib: "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışına çağırılması qanunda nəzərdə tutulmuş və müntəzəm əsasda həyata keçirilən tədbirdir. Bunun səfərbərlik adlandırılması tamamilə yanlışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətlə tam şəkildə komplektləşdirilmişdir. Xüsusi səfərbərlik tədbirlərinə ehtiyac belə yoxdur. Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hazırlıq və bacarıqlarının yoxlanılması, onların hazırlıq səviyyəsinin daim artırılması dünyanın əksər ölkələrində də geniş tətbiq olunan praktikadır. Müqayisə üçün qeyd edək ki, İsveçrə, İsrail, Skandinaviya ölkələrində bu sahədə çox tələbkar sistem mövcuddur.  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizdə hərbi toplanış tədbirləri həyata keçirilir ki, buna başqa bir don geyindirmək və ya cəmiyyətdə təşviş yaratmaq tamamilə əsassızdır. Ermənistan xüsusi xidmət orqanlarının kiber diversant qruplarının azərbaycanlı adını daşıyan saxta sosial media ünvanları vasitəsilə bu kimi təxribatçı mövzuları yayması da istisna edilməməlidir". 
23.09.2020 14:43:00
Oxuma sayı: 37