Sahibə Qafarova Qarabağ probleminin həllinə görə Rusiyadan dəstək istədi - Lavrovla görüş
Ölçü:

Milli Məclisin sədri Sahibə Qafarova Moskvaya səfəri çərçivəısində bu gün
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Koordinat.az xəbər verir ki, Sergey Lavrov bu səfərin Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafına dəyərli töhfə olacağına inamını bildirib. O, qeyd edib ki, Azərbaycan rəsmiləri ilə aparılan söhbətlər zamanı hər iki ölkənin prezidentləri – Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı zamanı qaldırılan   məsələlərin həlli üçün birgə səylərin artırılması qərara alınıb. Rusiya Azərbaycanla həyatın bütün sahələrində o cümlədən, diplomatik müstəvidə münasibətlərini daha da dərinləşdirmək niyyətindədir.

Lavrov Azərbaycan parlamentinin Rusiya Federal Şurası  Dövlət Duması ilə əlaqələrini, nümayəndə heyətlərimizin beynəlxalq parlament təşkilatlarında iştiraklarını önəmli hesab edib.

Sahibə Qafarova isə bildirib ki, Azərbaycan-Rusiya münasibətləri çoxəsrlik ənənəyə malikdir və həmişə öz xarakterik xüsusiyyətləri ilə seçilib. Dövlət müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri olan Rusiya  ilə Azərbaycan arasında bu illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksələn güclü bir əməkdaşlıq formalaşıb. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında müntəzəm təmaslar, etibarlı münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə edilə bilən münasibətlərimizə dinamizm verir.

Mükəmməl siyasi dialoqla yanaşı, ölkələrimiz arasında iqtisadi əlaqələr bu gün də dinamik inkişaf edir. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir.

İki ölkə arasında bölgələrarası əməkdaşlıq coğrafiyasının sürətlə genişlənməsinə diqqət çəkən Milli məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bu gün Azərbaycan Rusiya Federasiyasının subyektləri - Dağıstan və Tatarıstan, Həştərxan, Saratov, Sverdlovsk Ulyanovsk, Yekaterinburg, Vladimir, Volqoqrad və digər bölgələrlə fəal əməkdaşlıq edir.

Milli Məclisin Sədri bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgənin istənilən inkişafına ciddi maneələr yaratmağa davam edir. Azərbaycan münaqişənin sülh yolu ilə siyasi həllinə sadiqdir. Münaqişənin həlli BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.

Bütövlükdə, ATƏT-in Minsk Qrupunun nəticəsiz fəaliyyəti fonunda bu qrupun həmsədri olan Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəal iştirak edir. Rusiya tərəfi bu sahədə çox səy göstərmişdir. Bununla birlikdə, son vaxtlar Ermənistanın Baş naziri N.Paşinyanın münaqişənin həlli üçün kompromis variantının yalnız Azərbaycanın Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıması şərtilə müzakirə edilə biləcəyi barədə “yeddi şərt” deyilən absurd açıqlamaları, münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir.

Həm də N.Paşinyanın erməni işğalı altındakı Dağlıq Qarabağın danışıqlar prosesinə qoşulması barədə verdiyi açıqlamalar tənqidlərə davam gətirmir.

Milli Məclisin Spikeri Dağlıq Qarabağın tarixinə kiçik bir ekskurs  edərək diqqətə çatdırdı ki, 1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən  imzalanıb. Sonralar 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycanın digər əraziləri də Rusiya imperiyasının tərkibinə keçdi. Rusiya imperiyası süquta uğradıqdan sonra 1918-ci ildə Azərbaycanda Azərbaycan Demokratik Respublikası yaradıldı və 2 il mövcud oldu. 1920-ci ildə isə, məlum olduğu kimi, Azərbaycanda Sovet hakimiyyəti quruldu. Bir il sonra isə - 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi “təhvil verilməsi” deyil, “saxlanılması” haqqında.

1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul edib. Burada həyat səviyyəsi ölkənin digər regionlarından daha yüksək idi. Burada heç vaxt heç kəs milli və dini  mənsubiyyətinə görə sıxışdırılmamışdı.

Ermənistan rəhbərliyi unutmamalıdır ki, müasir dünyada Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını “Ermənistanın və “Artsax”ın ümumi təhlükəsizlik sistemi” kimi qələmə verərək gizlətmək alınmayacaq. Xüsusən də Ermənistanın özünün Azərbaycanın Tovuz bölgəsində döyüşlərin başlanmasına səbəb olmasından və Qarabağın hüdudlarından kənarda Ermənistanın məhz bölgə üçün bütövlükdə önəmli olan infrastruktur obyektlərini hədəf almasından sonra işğal faktını gizlədə bilməyəcək.

Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir. Həmin konvensiyaların ziddinə olaraq bu gün  Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən  həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz məskunlaşdırılması xüsusi narahatlıq doğurur. Azərbaycan istənilən halda öz torpaqlarını işğaldan azad edəcək. Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Sergey Lavrov Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bildirdi ki, Rusiya ATƏT-nin Minsk qrupunun həmsədri kimi problemin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Milli Məclisin Sədri Sahibə Qafarova ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olaraq əlindən gələni əsirgəməyəcəyinə inamıını ifadə etdi.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb
23.09.2020 15:51:00
Oxuma sayı: 36