Mehman Əliyev: "İndi müharibənin başlanması real deyil"
Ölçü:

"İndiki halda müharibənin başlanması real deyil. Tərəflər bir-birinə güzəştə getmək istəməsələr də, müharibənin də başlanmasında maraqlı deyillər".

Koordinat.az xəbər verir ki, bunu "Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev son günlər Azərbaycan-Ermənistan sərhədində qoşunların təmas xəttində baş verən hadisələri şərh edərkən bildirib. O, müharibənin başlana biləcəyi barədə ictimaiyyətdə formalaşmış gözləntilərin özünü doğrultmayacağı qənaətindədir: "Hər iki tərəf eyni cür davranır, eyni ritorika ilə danışır. Biz qarşı tərəf haqqında nə deyiriksə, onlar da bizim haqqımızda onu deyir. İlham Əliyev özü də bildirdi ki, Paşinyan hakimiyyətə gələndə qarşı tərəfin ritorikasının müsbət mənada dəyişəcəyi gözləntisi vardı. Amma sonradan Paşinyanın mövqeyi radikal oldu. Ermənistandakı əvvəlki hakimiyyətin mövqeyini təkrarladı. Son bir ildə hər iki tərəf bir-birinə qarşı ittihamlar irəli sürmək üçün müxtəlif meydanlardan istifadə edir. Münhen Sülh Konfransındakı polemika da buna misaldır. Bu da ondan irəli gəlir ki, tərəflər indiki təkliflər paketi çərçivəsində hər hansı güzəştə getmək istəmir. Onlar ritorika və addımlarına baxmayaraq, əslində, sülh prosesinin dayandırılmasında maraqlı deyillər”.

Mehman Əliyev Minsk qrupu həmsədrlərinin sentyabrın 14-də Parisdəki görüşünü xatırlaraq, onları da günahlandırıb. Ekspertin sözlərinə görə, həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə telefon danışığında onları danışıqlara dəvət edib, amma Minsk qrupu da tələsmir: “Bir neçə həftədən sonra tərəflərə nəsə təqdim edəcəklər, onlar da baxacaq. Bu da ilin sonuna çəkəcək. Yeni il olacaq, keçəcək gələn ilə. Nə həmsədr, nə tərəflər, nə münaqişə iştirakçıları predmetli danışıqlara hazırdır. Ona görə də hər hansı formatda danışıqların başlamasının qarşısını alırlar. Burada hərənin öz məqsədi, öz istəyi var”.

Ekspert hesab edir ki, bu gün yaşananlarda Türkiyə faktorunun da rolu var. Tovuz hadisələrindən sonra Türkiyə Azərbaycanla müttəfiqliyini nümayişkəranə şəkildə gücləndirir və bunu qabardır. Rusiya da Ermənistanla münasibətlərində oxşar şəkildə davranır. Amma M.Əliyev bunun iki böyük güc arasında toqquşmalara gətirib çıxaracağını düşünmür. Əskinə, hesab edir ki, prosesin idarə olunmasına töhfə verə bilər. Onun fikrincə, Rusiya Türkiyənin bu prosesdə iştirakında maraqlıdır: “İyulda Putinlə Ərdoğanın telefon danışığı oldu. Bu danışıqdan sonra Türkiyə bu istiqamətdə hərəkətə keçdi. Rusiyanın bu prosesdə Türkiyənin iştirakında maraqlı olmasının səbəbi isə budur ki, ABŞ-ın və Qərbin rolunu zəiflətmək istəyir. Rusiya Türkiyə ilə Suriya, İraq, ümumiyyətlə, Yaxın Şərq məsələlərində kifayət qədər aktiv əməkdaşlıq edir. Tərəflər bir-birini başa düşürlər, maraqlarını güdürlər. Bu baxımdan, Rusiya maraqlı ola bilər ki, burada da Türkiyə ilə əməkdaşlıqdan istifadə eləsin”.
22.09.2020 18:12:00
Oxuma sayı: 41