Savaş, yoxsa hərb oyunu?
Ölçü:

Şəmkir istiqamətində Tovuz olaylarından sonra növbəti həyəcan yaşanıb. Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Azərbaycan hərbçiləri tərəfindən vurulub. Bundan gün yarım öncə dövlət başçısı İlham Əliyev bildirmişdi ki, ermənilərin böyük müharibə hazırlıqlarına dair Azərbaycanda əməliyyat məlumatı var. Baş verənlər yeni suallar yaradır:

1. Ermənistan doğrudan da belə fikrə düşə bilərmi və İrəvanın bu avantüraya yuvarlanmasına səbəb nə ola bilər?
2. Azərbaycan buna qarşı hansı hazırlıq içərisindədir?
3. Azərbaycana və Ermənistana kimlər və hansı köməyi edə bilər?
4. Nəhayət, Azərbaycan hökuməti real müharibə informasiyasına malikdirsə, ilk addımları nə olmalıdır?

Paşinyan nəyi qarışdırır?

Uzun zamandır belə söhbətlər gedir ki, münaqişənin həll olunması yolunda əsas amillərdən biri demokratikləşmədir. Yəni, hansı tərəf bəşəri dəyərlərə daha sürətlə yaxınlaşsa, BMT-nin məlum meyarları üzrə o daha öndə görünə bilər. Söhbət “dövlətlərin ərazi bütövlüyü” və “xalqların öz müqəddəratını təyin etməsi” prinsiplərindən gedir. Bir sözlə, daha azad və demokratik toplum quran tərəf üçün dünya çapında “yaşıl işıq” yandırılacaq. Amma həm Azərbaycanda, həm də Ermənistanda bu məsələ bir qədər təhrif olunmuş şəkildə başa düşülür. Azərbaycanda bəziləri elə başa düşür ki, demokratiya yoxdursa, biz torpaqlarımızı tələb edə bilmərik. Bu, əlbəttə, kökündən yanlış yanaşmadır. Çünki hakimiyyətin xarakteri dövləti (xalqı) öz mülkiyyətindən imtinaya vadar edə bilməz. Ermənistanda isə belə başa düşürlər ki, orada nisbi də olsa, bizdən fərqli demokratiya varsa, onlara əlavə imtiyaz tanınmalıdır və tanınacaq.

Buna görə də, istər Tovuz, istərsə də Şəmkir olayında həmin faktor Ermənistanın daxili auditoriyasında ciddi müzakirə obyektinə çevrildi. Amma Kremlin Paşinyanı bir neçə dəfə belə provokativ oyuna salmaqla demokratik dünyanın gözündə Sərkisyan və Köçəryanla eyniləşdirmək, daha sonra “atılmış” Paşinyana qucaq açmaq taktikası nəzərə alınmadı.  Paşinyanın siyasi keçmişi haqqında heç nə düşünməyə dəyməz, təcrübəsinin olmaması və xarakterindəki avantürizm onda tez-tez belə “siyasi xəndək”lərin üstündən tullanmağa həvəs yaradır. Görünür, o özünü quyunun dibində tapanda ayılacaq.

Azərbaycan üçün hər şey yaxşıdırmı?

Yuxarıdakı suala cavab çox çətindir. Ona görə ki, Azərbaycan hakimiyyəti bu məsələlərə Rusiya ilə “daimi razılığın” tərkib hissəsi kimi baxıb və heç vaxt  münasibətlərdə ciddi qarşıdurmanın olmayacağına dair arxayınçılıq içində yaşayıb. Siyasi konyunkturanın dəyişməsi isə yeni reallıqları qaçılmaz edir.

Ermənistan nə etdiyini bilmir, amma Azərbaycan da ona qarşı nə etməli olduğunu müəyyənləşdirməyib. Ən azından ortada real addım yoxdur. Pərakəndə səfərbərlik çağırışları vəziyyətin deyildiyi qədər ciddi olmadığını söyləməyə əsas yaradır. Bu isə o deməkdir ki, əslində addım atmağa ehtiyac yoxdur, hansısa fikir yaratmağa ehtiyac var. Söhbət “farağat durun, hər an müharibə ola bilər” fikrindən gedir. Milyardlarla pula silah-sursat alandan sonra əhalidən xüsusi markalı maşınların yığılması “bəs, bu günə qədər hansı hazırlıq görülüb?” kimi sual yaradır. Əgər bizə məhz belə maşınlar lazımmışsa, niyə onlardan alıb, vaxtında ordunu təchiz etməmişik? Yoxsa, yeni hərbi-taktika ideya yaranıb?

Rus-türk qarşıdurması


Tarix Qafqazda bir neçə rus-türk qarşıdurmasına şahidlik edib. Bəzi təhlilçilər bunun indiki şəraitdə də qaçılmaz olduğunu deyirlər. Ancaq hazırda bu iki böyük qüvvə arasında irimiqyaslı qarşıdurma üçün zəmin varmı? Şəxsən mənim düşüncəmə görə, yoxdur. Rusiyanın və ya Türkiyənin hazırda növbəti cəbhədə üz-üzə gəlməsi real görünmür. Amma nəzəri cəhətdən,  yüzdə bir ehtimalla bunun real olduğunu hesab edək. O zaman bütün münaqişə zonaları boyunca hipotetik Rusiya-Türkiyə qarşıdurmasının şahidi olacağıq. Suriya və Livyadan fərqli olaraq, Qafqazda bu, həm də NATO-Rusiya qarşılaşmasıdır. Çünki Azərbaycan, Ermənistan və Gürcüstan AB-nin siyasi xəritəsində olmaqla, NATO-nun genişlənmə planına daxildirlər.

Nə etməli?

Azərbaycan hökuməti 14-15 iyul hadisələrində həbs olunanları azad etməklə, milli birliyə nail olmağa çalışmalıdır. Doğrudan da, real müharibə təhlükəsi və təhdid varsa, bunun başqa yolu yoxdur. Yox, əgər hansısa süni müharibə konyukturasının növbəti mərhələsinə daxil oluruqsa, o zaman prosesin fəsadlarını və uzantısını yenə ölkədaxili hesablaşmalarda görəcəyik.
Seymur HƏZİ
22.09.2020 17:33:00
Oxuma sayı: 31