Bu gün sosial şəbəkələrdə ayrı-ayrı vətəndaşlara məxsus Pikap maşınlarının orduya kömək üçün yığılması barədə məlumatlar yayılıb. Bildirilir ki, bu cür maşınlar hərbi təlimlər zamanı istifadə olunmaq üçün toplanır. Amma bu məsələ ictimaiyyətdə nəinki birmənalı qarşılanmayıb.
Bəs, ayrı-ayrı vətəndaşlara məxsus şəxsi avtomobillərin hərbi təlimlər üçün məcburi qaydada cəlb oluna bilərmi?
Koordinat.az nəqliyyat məsələləri üzrə ekspert, tanınmış hüquqşünas Ərşad Hüseynovun mövzu ilə bağlı şərhini təqdim edir:
Müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətandaşların
deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsi qanunvericilikdə
nəzərdə tutulur. Bu, dünyanın bütün ölkələrində, hətta nəhəng hərbi
büdcəyə malik ölkələrdə də belədir. Çünki səfərbər olunan insanların və
digər resurların nəqliyyat ehtiyacını ödəyəcək sayda müxtəlif təyinatlı
avtomobilləri dinc dövrdə hərbi hissələrin qarajında saxlamağa ehtiyac
yoxdur. Ölkəmizdə bu məsələni dəqiq tənzimləyən qanunvericilik
mövcuddur.
AR-in 17 may 2005-ci il, № 916-IIQ Qanunu ilə təsdiq edilmiş
“Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”də və bəzi digər
qanunvericilik aktlarında detallar əksini tapıb. Nazirlər Kabinetinin
2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə vətəndaşlarda,
müxtəlif dövlət və özəl təşkilatlarda olan, zərurət yarandıqda Silahlı
Qüvvələrin ehtiyacları üçün səfərbər edilə bilən nəqliyyat vasitələrinin
siyahısı təsdiq edilib.
Siyahıda yüksək keçidli minik avtomobilləri, xüsusi yük avtomobilləri, ümumqoşun təyinatlı xüsusi avtomobillər, sanitar avtomobilləri, sərnişin avtobusları, evakuatorlar, müxtəlif traktorlar və s. var. Adətən xüsusi ehtiyac olan, istismarı rahat və asan olan, həm də dözümlü nəqliyyat vasitələri səfərbər olunur (məsələn, belə tələbə daha şox “UAZ”, “NİVA”, müxtəlif pikaplar, “URAL”, “Zil-131” və s. uyğun gəlir). Baha, incə davranış tələb edən ciplər bu işdə heç nəyə yaramır... Lakin vətəndaşlar bundan heç də narahat olmamalıdır. Çünki qanunvericiliyə görə, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin səfərbər edilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Yəni səfərbərlik üçün cəlb edilən nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir. Göstərdiyim nəqliyyat vasitələri Silahlı Qüvvələrə səfərbərlik zamanı və müharibə dövründə təqdim olunmalıdır. Digər detallar da qanunvericilikdə təsbit edilib.
Əsas məsələ QƏLƏBƏdir. Bunun üçün hər şey qurbandır: təkcə mal-mülkümüz yox, həm də canımız...