Heykəl
Ölçü:

Süleyman QARADAĞLI

Gec-tez, əvvəl-axır daşa çevrilmək hər kəsin qismətində var. Amma belə erkən yox!

Tez idi, çox tez...

Hələ o özü daş üzərində naxışlar açmağı, həyatın anlarını daşlara həkk etməyi, daşların “daş yaddaşında” iz qoymağa çalışırdı...

Gənc heykəltəraş qəlbinin çırpıntılarından xəbər verən və beynəlxalq müsabiqələrdə qalib gələn “Arzuların rəngarəngliyi”, “Casusların öpüşü”, “Pişiyin doqquz canı” əsərləri... Bu əsərlərdən biri Yekaterinburqda gənclər arasında keçirilən Virtual sərgidə birincilik qazanmışdı, biri Ç.Darvin adına Moskva Dövlət Muzeyində gerçəkləşən beynəlxalq müsabiqədə, biri “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsində diploma layiq görülmüşdü. Üç il əvvəl Bakı Limanının elan etdiyi heykəltəraşlıq müsabiqəsinin qalibi olmuşdu. 2018-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “Ekoloji problemlər və onların həlli yolları gənclərin gözü ilə” mövzusunda II Gənclər sərgisinin diplomuna, keçən il Berlin divarının sökülməsinin 30 illiyi münasibətilə keçirilən müsabiqədə sertifikata layiq görülmüşdü.

Heykəltəraş olmağı çox istəyirdi. Çox, lap çox...

Misqal-miqsal, addım-addım özünün ən böyük arzusuna doğru yol gedirdi. İlk dəfə fırçanı əlinə götürəndə Azadın 4-5 yaşı vardı. Rənglərin sehrli dünyası, fırçanın ağappaq kətan üzərində açdığı naxışlar onu özünə məftun etmişdi. Əvvəl İncəsənət Kollecini bitirdi, sonra Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə qəbul oldu. Bu il Akademiyanı bitirib arzusunda olduğu peşəyə yiyələndiyi barədə diplom aldı.

Azadı irəlidə çoxlu sərgilər, festivallar gözləyirdi. Gənc heykəltəraş-rəssamın sənətdəki ilk addımları onun gələcəyi haqqında çox böyük ümidlər verirdi. Bunu onu tanıyan hər kəs - Azada dərs deyən müəllimlər, tanınmış heykəltəraş-rəssamlar, məşhur sənətkarlar hamısı etiraf edirdi.

Çoxlu dəvətləri var idi-Beynəlxalq İncəsənət Sərgilərində, festivallarda onun əl işlərinin yolunu gözləyirdilər. Azad Aslanovun istedadlı barmaqlarından hələ çoxlu sənət möcüzələri süzüləcəkdi...

24 yaş!..

Hələ hər şey indi başlayırdı, hələ həyat qapıları indi-indi onun üzünə açılırdı... Hələ qəlbindəki tumurcuq-tumurcuq arzular indi-indi qönçə tuturdu...

Hər şeyin başlanğıcı, ömrün tumurcuq vədəsi... Bu, necə ola bilər axı?

Neçə illər idi ki, amansız epilepsiya xəstəliyindən əziyyət çəkirdi, bir neçə dəfə əməliyyat da olunmuşdu. Həkimlər hər şeyin yaxşılığa doğru getdiyini deyirdilər...

Bir evin işığı, bir ailənin ümid çiçəyi, bir ananın sevinci, bir atanın and yeri, bir nəslin söykənəcəyi, bir əminin iftixarı, bir dayının qüruru, bir babanın fərəhi...

Adamı ən çox ağrıdan, göynədən də odu ki, bütün varlığı, canı-qanı ilə bağlı olduğu bir sənətə yiyələnəndən sonra elə ilk addımda, başlanğıcda da hər şeyə nöqtə qoyub dayanasan.

Ürkək baxışlarla yolunu gözləyən bir qızın göz yaşları… Toy sədası həsrətində olan bir həyətdə çalınmayan “Vağzalı”...

Dünyanın faniliyinə, həyatın vəfasızlığına necə yanıb-yaxılmayasan?

Evdəki kiçik emalatxanada hazırladığı eskizlər, yarımçıq heykəllər, onun əllərinin izlərini yaşadan neçə-neçə yaradıcılıq məhsulları sahibsiz qalıb. Kim bilir, o, bunların üzərində hansı arzu, hansı istəklə işləyirdi?

Öz tişəsi ilə dünyanın gözəlliklərini daşa çevirmək arzusu ilə yaşayan heykəltəraş-rəssam özü necə heykələ, daşa çevrilə bilər?

Azadın heykəltəraşlığa o qədər böyük sevgisi, o qədər böyük həvəsi var idi ki, elə bil bu həvəsin, istəyin çoxluğu onun özünü də heykələ çevirdi. Heç vaxt unudulmayacaq, heç vaxt yaddaşlardan, xatirələrdən silinməyəcək və həmişə ürəklərdə yaşayan əbədiyyət heykəlinə.

Xatirələr həmişə isti, kövrək və əzizdir. Həm də sızıltılı və göynərtili...
21.09.2020 13:47:00
Oxuma sayı: 57