Eybəcər şəhərsalma…
Ölçü:


“Biz imkan verə bilmərik ki, hansısa bir təmənnaya, hansısa bir hərisliyə görə şəhərimizin keçmişini məhv edək, yaxud da şəhərimizin gələcəyini şübhə altına qoyaq. Qətiyyən bu, olmayacaq. Biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulub. Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir. Ona görə bu məsələyə çox böyük diqqət yetirmək lazımdır. Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina tikilməməlidir”.

Bu sözləri prezident İlham Əliyev hələ doqquz ay əvvəl – 2020-ci il yanvarın 8-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi bu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən söyləmişdi. Qəbul zamanı dövlət başçısı Bakıda və şəhərətrafı zonalarda həyata keçirilən tikinti siyasətinin parametrlərindən danışarkən iki mühüm məsələni xüsusi vurğulamışdı: tikintilərin paytaxtın ekoloji vəziyyətinə və şəhərsalma qaydalarına uyğunluğu. Prezident bir neçə il əvvəl Bakıda genişmiqyaslı abadlıq və yenidənqurma işlərinə başlanarkən bu tədbirlərin məhz həmin iki məqsədə xidmət etdiyini vurğulamışdı:

”Vəzifə ondan ibarət idi ki, biz Bakını parklar və bağlar şəhərinə çevirək və buna nail oluruq. Bakının ekologiyasını böyük dərəcədə çirkləndirən yerlər və müəssisələr artıq ləğv olunur. Onların yerində müasir şəhərsalma qaydalarına uyğun yeni ictimai zonalar yaradılır. Görülən işlər onu sübut edir ki, Bakı şəhərinin inkişafına, havasının təmizlənməsinə və nəticə etibarilə vətəndaşların rahat yaşamasına nə qədər böyük diqqət göstərilir. Ona görə Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətində ilk növbədə bu amillər nəzərə alınmalıdır. Vətəndaşların rahatlığı, ekoloji cəhətdən təmiz layihələrin icrası və şəhərsalma qaydalarına tam riayət edilməsi əsas prinsiplər olmalıdır”.

Bəs, dövlət başçısının şəhərsalma ilə bağlı göstəriş və tövsiyələri tikinti fəaliyyətlərində əksini tapa bilirmi? Dövlət Komitəsinin rəhbərliyindəki kadr dəyişikliyi və bu quruma yeni səlahiyyətlərin verilməsindən sonra Bakı və ətraf zonalarda həyata keçirilən tikinti layihələri şəhərsalma qaydalarına və tələblərinə nə dərəcədə uyğunlaşıb?

Bakının mərkəzi boşaldıqca ətraf ərazilər eybəcərləşir

Mövzunu “Press Klub”a şərh edən ekspert Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyindəki kadr dəyişikliyinin bu sahədə müsbətə doğru dönüş yaratmadığı qənaətindədir. Belə ki, Bakı şəhəri və ətraf ərazilərdə həyata keçirilən tikinti layihələri əvvəlki illərdə olduğu kimi, yenə də qarmaqarışıq şəkildə davam etməkdə, şəhərin ümumi görünüşünə xələl gətirməkdədir. Bakının mərkəzi hissəsindən ucqarlara doğru isə elan edilmiş şəhərsalma qaydaları ilə daban-dabana zidd olan tikintilərə daha çox rast gəlinir.

 

İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, hazırkı “Qış parkı”nın ərazisində və keçmiş “Sovetski” məhəlləsində məskunlaşmanın tam ləğv edilməsi, minlərlə ailənin köçürülməsi şəhərin mərkəzini xeyli rahatlaşdırıb. Bunun əvəzində Bakıətrafı ərazilərdə keçmiş “Sovetski”dən daha eybəcər yaşayış zonaları salınır:

“Bakının mərkəzi boşaldıqca şəhər ətrafında məskunlaşma kəskin artdı. Təəssüf ki, çox eybəcər şəkildə, heç bir şəhərsalma normaları gözlənilmədən. Keçmiş “Sovetski” məhəlləsi köçürüldükdən sonra Bakı və Sumqayıt şəhərləri arasında elə “Sovetski”nin oxşarları yaradılıb. Biləcəri, Xırdalan və Masazırda şəhərsalma normaları gözlənilmədən kütləvi məskunlaşma aparıldı. Həmin ərazilərdə hər kvadratkilometrə düşən əhali sayı normadan az qala 5-6 dəfə çox olmaqla, kütləvi mənzil tikintisi aparılıb və proses indi də davam edir”.

R.Ağayev bildirir ki, əslində Bakı və Abşeron zonasının perspektiv inkişaf planına uyğun olaraq, Biləcəri, Masazır və Xırdalanda metro xəttinin çəkilməsi nəzərdə tutulurdu. Lakin hökumət məlum olmayan səbəblərdən bu planın icrasını qeyri-müəyyən vaxtadək təxirə salıb, əvəzində movcud yol infrastrukturunun genişləndirilməsini önə çəkib:

“Şəhərin mərkəzindəki yaşayış zonalarının ucqarlara köçürülməsi nəticəsində Xırdalan və Masazır zonasında idarəolunmaz vəziyyət yarandı. Bunu son illər Bakı-Sumqayıt yolundakı nəhəng tıxaclar, həmin istiqamətdə yaşayan əhalinin infrastruktur təminatı ilə bağlı üzləşdiyi çətinliklər də göstərir. İş o yerə çatdı ki, hökumət Bakı-Sumqayıt yolunun genişləndirilməsinə iri məbləğlərdə əlavə vəsaitlər xərcləməli oldu. Amma poblemin miqyası köklü və kompleks yanaşma tələb edir və əgər kompleks həll tədbirləri işə salınmasa, yaxın bir neçə ildə şəhərin bu istiqamətində vəziyyət daha dramatik olacaq”.

Qüsurlar yenə də aradan qaldırılmayıb

R.Ağayev son illər Bakının şimal girişində – Xırdalan və Masazır zonasında avtomobil tıxaclarının artmasını şəhərsalma norma və tələblərinin pozulmasının nəticəsi kimi dəyərləndirir. Baxmayaraq ki, 2010-cu ildən sonra Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edilib, bu sahədə hüquqi-normativ aktlar xeyli dərəcədə təkmilləşib. Məhz bunun sayəsində əvvəlki dövrlə müqayisədə indi şəhərsalma norma və tələblərinə uyğun tikinti işləri aparmaq daha rahat və asandır.

“İndiki halda tikinti və şəhərsalmaya nəzarət idarəetmə orqanları üçün daha rahat olmalıdır. Amma görünən odur ki, hətta qanunvericilik bazasının təkmilləşdirilməsindən sonra da əvvəllər yol verilən qüsurlar aradan qaldırılmayıb. Mən Masazır, Xırdalan istiqamətindəki şəxsi müşahidələrimə əsaslanaraq onu görürəm ki, tikintinin aparılmasında bir neçə faktorlar var ki, onlara əməl olunmur. Bunlardan birincisi prezidentin Şəhərsalma Komitəsinin rəhbərini qəbul edərkən söylədiyi kimi, ekoloji vəziyyətdir ki, bu sahədə problemlər hələ də qalır. Tikinti aparılan ərazilərdə yaşıllıq normalarının qorunmadığını görürük. Bunu görmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur, tikilən ərazilərdəki yaşıllıq zonalarına baxanda bu normalar arasındakı nisbətin pozulduğunu hamı görür. Bu, çox ciddi məsələdir. Bildiyimə görə, son illər Bakının mərkəzində bu məsələlərə nəzarət güclənsə də, şəhərətrafı ərazilərdə problem qalmaqdadır”, – deyə ekspert söylədi.

R.Ağayevin sözlərinə görə, binaların hündürlüyü və binalararası hava axını norma və tələblər çərçivəsində deyil, ərazilərdəki yaşıllıq normaları ilə tikinti normaları arasındakı nisbət gözlənilmir. Halbuki şəhərsalma normalarında hər 10 000 kvadratmetr üçün əhali sıxlığı, yol tikintisi və yaşıllıq sahələrinə dair konkret tələblər və hədlər müəyyənləşdirilib. Şəhərsalmada yol infrastrukturunun da vacib element olduğunu deyən ekspertin fikrincə, şəhərsalma norma və qaydalarına əsasən iri və böyük şəhərlərdə ərazinin hər kvadratkilometrinə (hər 100 hektara) 4,5 kilometr uzunluqda ictimai nəqliyyatın hərəkət etdiyi yol şəbəkəsi düşməlidir. Məsələn, Xırdalanda 1500 hektar məskunlaşma ərazisi varsa, ictimai nəqliyyat yollarının uzunluğu azı 70 kilometr təşkil etməlidir. Bu standarta əməl edilərsə, şəhərin istənilən nöqtəsində bütün sakinlərin ictimai sərnişin nəqliyyatının ən uzaq dayanacağına qədər piyada gediş məsafəsinin də 400 metrədək olması təmin edilər.

“Bu gün Xırdalanda və Masazırda əhali sıxlığına görə yolların ensiz olması bir problemdirsə, yolların hərəkət zolaqlarından kənarda piyada səkilərinin, velosiped yollarının qoyulmaması, maşınların parklanması üçün boş sahələrin saxlanılmaması daha ciddi problemdir. Ümumiyyətlə, təkcə yol kənarlarındakı parklanmadan deyil, bütövlükdə avtomobillərin parklanması üçün yerlərin olmaması ciddi problemlər yaradır. Halbuki tikinti normalarında hər 10 min kvadratkilometr məskunlaşma ərazisinə düşən parklanmanın normaları müəyyən edilir. Bu tələblərə əməl olunmur, ona görə də maşınları bir çox hallarda yol kənarında saxlayırlar. Ancaq yol kənarında avtomobillərin parklanması üçün boş sahələr saxlanılmadıqda avtomobillər yolun hərəkət hissəsində dayanır ki, bu da tıxaclara səbəb olur. Xırdalanda hətta bütün avtobus dayanacaqları yolun hərəkət hissəsindədir. Çünki yollar salınarkən dayanacaqların tikintisi üçün ərazi saxlanılmayıb və buna görə də avtobuslar yolun hərəkət zolağında dayanmağa məcburdur” – deyə mütəxəssis bildirir.

Yanlış idarəçiliyin fəsadları

Bütün bunların çox ciddi problemlər olduğunu deyən ekspertin fikrincə, bu problemlərin aradan qaldırılması imkanları da xeyli dərəcədə məhdudlaşıb. Onun sözlərinə görə, Xırdalan və Masazır zonasında şəhərsalma tədbirləri elə şəkildə həyata keçirilib ki, alternativ yollar çəkmək mümkün deyil:

“Hökumət Xırdalanda alternativ yollar çəkmək istəsə, gərək böyük söküntü işləri aparılsın. Yəni hökumət məcburdur ki, məskunlaşma zonasının bir hissəsini kompensasiya ödəməklə vətəndaşlardan geri alıb, həmin ərazilərdə yol infrastrukturu qursun. Ona görə də şəhərsalma ilə bağlı baş verən cinayətlər çox ağır cinayətlərdir. Çünki şəhərsalmada yol verilən məmur özbaşınalığının, səhvlərin və səhlənkarlıqların bədələni dövlət ödəyir. Dövlət tikilmiş əraziləri sökürsə, burada vətəndaşın mülkiyyət hüququnu qorumaq üçün sökülən hər kvadratmetr ərazi üçün mülkiyyətçiyə kompensasiya ödəməyə məcburdur. Yəni məmurun nə vaxtsa rüşvət müqabilində göz yumduğu qanunsuzluğun nəticələrini aradan qaldırmaq dövləti əlavə xərcə salır. Hazırda Xırdalan və Masazır zonasında alternativ yolların çəkilməsinə əlahiddə dərəcədə ehtiyac var. Amma bu gün o yolları çəkmək üçün mütləq məskunlaşma əraziləri sökülməlidir”.

Görünən odur ki, 2006-cı ildən şəhər statusu alan Xırdalanda son 3-4 ildə şəhərsalmanın yox, dağıdıcılığın misilsiz nümunələri yaradılır. Doğrudur, köhnə və yöndəmsiz həyət evlərinin sökülərək yerində müasir görünüşlü çoxmərtəbəli binaların tikintisi yaxşı haldır. Amma şəhərsalmanın norma və tələblərinə əməl etmək şərti ilə… Ən başlıcası, şəhər tikirsənsə, onun yol-nəqliyyat infrastrukturunu qabaqcadan planlaşdırmalısan. Lakin əhalisinin sayı 250 min nəfəri ötən, çoxmərtəbəli yaşayış binalarının sayı yağışdan sonra göbələk kimi artan Xırdalan və Masazırda nəqliyyatın rahat hərəkət edə biləcəyi geniş yollara, prospektlərə ərazi ayırmaq “yaddan çıxıb.” Bütün bunlar şəhərsalma qayda və normalarının kobud şəkildə pozulmasının nəticəsidir. Təkcə Xırdalan və Masazır yox, elə Bakının mərkəzi zonaları da yanlış, ictimai nəzarət olmayan, tək əlin idarə etdiyi idarəetmənin qurbanıdır…

 Elxan SALAHOV

19.09.2020 10:29:00
Oxuma sayı: 63