Avropa Məhkəməsi Rauf Mirqədirovu  haqlı saydı - hökumət ona 20 min avro kompensasiya ödəyəcək
Ölçü:

 Sentyabrın 17-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Rauf Mirqədirovun işi üzrə qərarı elan edib.

Koordinat.az xəbər verir ki, AİHM Mirqədirovun hüquqlarının Avropa Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 8-ci (şəxsi həyata hörmət hüququ) maddələri ilə pozulduğunu tanıyıb. Məhkəmə Azərbaycan hökumətinin R.Mirqədirova 20 min avro kompensasiya ödəməsini barədə qərar çıxarıb.

Eyni zamanda, AİHM jurnalistin onu Azərbaycana vermiş Türkiyə hökuməti tərəfindən  hüquqlarının pozulması barədə xahişini araşdırmağı zəruri hesab etməyib.

Öz növbəsində R.Mirqədirovun vəkili Fuad Ağayev "Facebook" səhifəsində qeyd edib ki, AİHM məhkəmə qərarı olmadan onun həbsi üçün kifayət qədər əsasların olmadığını, təqsirsizlik prezumpsiyasının pozulduğunu, ailə və şəxsi həyat sirrinə hörmət olunmadığını müəyyən edib.

Xatırladaq ki, R.Mirqədirov Türkiyədə yaşadığı dövrdə 2014-cü ilin aprelində bu ölkənin hakimiyyəti onu jurnalist akkreditasiyasından və ölkədə yaşamaqdan məhrum edib, bundan sonra onu Azərbaycana deportasiya ediblər. 2015-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsi R.Mirqədirovu altı il azadlıqdan məhrum edib. 2016-cı ilin martında Bakı Apellyasiya Məhkəməsi real müddəti şərti cəza ilə əvəz edib. İlkin həbs zamanı ona vəkillərdən başqa digərləri ilə telefon danışıqları, görüşlər və yazışmalar qadağan edilmişdi.

Yerli məhkəmələr onun ilkin həbs və məhdudiyyətlərlə bağlı apellyasiya şikayətini təmin etməyiblər.

2014-cü ilin iyulunda MTN və Baş Prokurorluq bəyanatla çıxış edərək hər hansı məhkəmə qərarı olmadan R.Mirqədirovu erməni kəşfiyyatının agenti adlandırıblar.

18.09.2020 10:17:00
Oxuma sayı: 199