Müxalifətin Türk Şəhidliyini ziyarətinə maneələr yaradılıb - FOTOLAR
Ölçü:

Bu gün Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası rəhbərliyinin Şəhidlər Xiyabanında yerləşən Türk Şəhidliyi abidəsini ziyarət etməsinə maneələr yaradılıb.

Koordinat.az xəbər verir ki, Milli Şuranın abidəyə yaxınlaşan 20-yə qədər nümayəndəsinin qarşısı polis əməkdaşları tərəfindən kəsilib. Polis ziyarət iştirakçılarından sosial məsafəyə əməl etməyi, maska taxmağı tələb edib. Bundan sonra eyni anda maksimum 10 nəfər olmaqla, Türk Şəhidliyinə yaxınlaşmağa icazə verilib. Lakin AXCP sədri Əli Kərimlinin abidə önündə çıxış etməsinə də imkan verilməyib, o, müxalifətçilərdən polislə qarşıdurmaya getməməyi xahiş edib.

Əli Kərimli polisin bu hərəkətlərini pisləyib, əlamətdar günlərin qeyd olunmasına imkan verilməməsini rüsvayçılıq adlandırıb.

Müsavat başqanı Arif Hacılı da partiya fəallarının ziyarətinə əngəl törədildiyini bildirib. “Milli hakimiyyətimizi qurub, hətta bayram günlərində də heç bir zərurət olmadan vətəndaşa qarşı güc tədbiq edənlərin cəzalanacağı, milli bayramların layiqincə qeyd ediləcəyi günlər uzaqda deyil” – deyə o, vurğulayıb.
15.09.2020 16:46:00
Oxuma sayı: 20