Vahid Əhmədov: " Mütləq maliyyə amnistiyası elan edilməlidir”
Ölçü:


"Mən özüm də bir neçə dəfə investorlara müraciət, çağırışlar etmişəm. Xaricdə yaşayan və kifayət qədər böyük imkanları olan azərbaycanlılar var, hansı ki, ölkəmiz üçün yaxşı yatırımlar edə bilərlər. Ona görə də dəfələrlə dediyimiz kimi, Azərbaycanda maliyyə amnistiyası verilməlidir. Hətta hörmətli iqtisadiyyat naziri Mikayıl Cabbarov cənab Prezidentə müraciət edəndə bu məsələyə toxunmuşdu. Maliyyə amnistiyası lazımdır ki, insanlar təhlükəsizliklərilə bağlı arxayınlaşsınlar. Əmin olsunlar ki, kimsə sabah onların maliyyəsinin mənbəyini axtarmayacaq. Yalnız bundan sonra onlar əllərində olan kifayət qədər vəsaiti ölkəyə yatıracaqlar".

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.O, qeyd edib ki, xarici investorların Azərbaycanda fəaliyyət göstərməsi üçün mülkiyyət toxunulmazlığı məsələsi həll olunmalıdır. İnvestora birdəfəlik mülkiyyət toxunulmazlığı statusu verilməlidir: "Məsələ qanun çərçivəsində öz həllini tapmalıdır. Hazırda Azərbaycanda investisiya yatırmaq üçün çox böyük imkanlar var. Ona görə də mülkiyyət toxunulmazlığı və maliyyə amnistiyası öz həllini tapmalıdır”.

Deputat deyib ki, investorlar üçün kifayət qədər güzəştli şərtlər təklif edilir: “Onların yatırım edəcəkləri sahədən asılı olaraq, güzəştlər təklif edilir. İqtisadiyyat Nazirliyi tərəfindən sənaye parkları yaradılıb, o məhəllələrdə bütün strukturlar formaşaldırılıb. Orada fəaliyyət göstərən sahibkarlar 7 il müddətinə bütün güzəştlərdən azaddırlar. Bu cür güzəştlər var. Azərbaycana investisiya yatıran istənilən şəxs üçün münbit şərait yaradılır. Sadəcə, o insanların üzə çıxması üçün müəyyən danışıqlar aparmaq və mütləq şəkildə maliyyə amnistiyası elan etmək olduqca vacibdir”.

15.09.2020 15:55:00
Oxuma sayı: 15494