Neft ucuzlaşır, manat da dəyərdən düşürmü?
Ölçü:


Dünya bazarında neftin qiyməti ucuzlaşır. Hazırda Azərbaycanın ixrac etdiyi "qara qızıl"-ın barreli 40 dollar civarında dəyişir.

Koordinat.az xəbər verir ki, bəzi təhlilçilərin fikrincə, koronavirusa yoluxmada artımla yanaşı, dünya neft rezervuarlarının artıq neft qəbul etmək imkanları da azalmaqdadır. Qeyd olunur ki, hər iki amil neftin ucuzlaşmasına gətirib çıxara bilər. Üstəlik, "Saudi Aramco"nun oktyabr ayında Asiya və ABŞ müştərilərinə nefti daha ucuz qiymətə satmaq qərarı da bu prosesləri sürətləndirməsi istisna olunmur.

Neftin ucuzlaşmasının Azərbaycana mümkün təsirlərinə gəlincə, yerli iqtisadçılar hesab edirlər ki, indiki halda manata təzyiqlər yarana bilər. Onlar xatırladırlar ki, son günlər Azərbaycanla qonşu ölkələrin çoxunun valyutaları dəyər itirib. Amma manatın məzənnəsi 3 ildən çoxdur dəyişmir - 1 dollar 1.70 manat həddində qalır.

Milli Məclisin İqtisadiyyat, sənaye, sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili isə "Turan" agentliyinə bildirib ki, indiki halda Azərbaycanda devalvasiyanın baş verməsi üçün iqtisadi və maliyyə əsası yoxdur. O hesab edir ki, 2015-ci ildə baş vermiş iki devalvasiyadan (manat dollar qarşısında iki dəfə dəyər itirdi-red.) bu yana Azərbaycanda makroiqtisadiyyat daha çox sabitliyə malikdir: "Hesab edirəm ki, təkrar devalvasiyanın baş verməməsi üçün ötən 4 il ərzində iqtisadi və maliyyə baxımından təkmilləşmələr aparılıb. Digər tərəfdən isə Azərbaycan iqtisadiyyatı həm də neftin aşağı qiymətinə də öyrənib".

T.Mirkişili vurğulayıb ki, hətta neft 2021-ci ildə 35 dollar həddində olsa belə, Ümumi Daxili Məhsulun (ÜDM) 3 faiz artması gözlənilir. Onun fikrincə, indiki resurslarla (ölkənin 50 milyard dollar civarında valyuta ehtiyatı olduğu bildirilir-red.) Azərbaycan bundan da çətin vəziyyətdən çıxa bilər.

İş adamı, iqtisadçı Nazim Bəydəmirli isə mövzu ilə bağlı "Azadlıq" radiosuna deyib ki, dünya enerji bazarında tendensiyalar dəyişir. Onun fikrincə, koronavirus pandemiyası indiki halda neftə tələbatı azalda bilər: "Amma bu, dünya enerji bazarındakı tendensiyaları dəyişə bilməz. Bundan da irəli gələrək ikinci dalğa olsa da, olmasa da, dünya enerji bazarı neft ilə yollarını ayırır. İndi əsas neft istehlakçısı olan ölkələr elektromobillərə, alternativ enerji istifadəsinə keçirlər. Hətta Avropanın günəş az olan şimal ölkələri belə qarşıdakı illərdə külək, dalğa enerjisinə keçməyi hədəfləyiblər".

Ekspertə görə, dünyanın ən iri neft-qaz istehlakçılarından olan bəzi Avropa ölkələrində 2025-ci ildən benzin-dizellə işləyən avtomobillərə qadağa qüvvəyə minir: "Bu addımın iqtisadiyyatda neftdən son məhsul yox, xammal kimi istifadə edən ölkələrə mənfi təsiri böyük olacaq. Odur ki, emal müəssisələri qurulmalıdır".

N.Bəydəmirliyə görə, Azərbaycan üçün problem odur ki, karbohidrogenə əsaslanıb iqtisadiyyat qurmaq istəyirlər, bu isə çox çətindir.

14.09.2020 17:54:00
Oxuma sayı: 24