Adil Qeybulla tibbi müayinədən sonra Tofiq Yaqublu barədə: "Durumu çox ciddidir, Prezidentdən xahiş edirəm ki..."
Ölçü:


Tofiq Yaqublu 10-cu gündür ki, həbsdə aclıq aksiyasını davam etdirir. Bu gün Penitensiar Xidmətin rəhbərliyi Tofiq Yaqublunun etibar etdiyi həkimin onu müayinə etməsinə şərait yaradıb. Professor Adil Qeybulla Şüvəlandakı 3 saylı istintaq təcridxanasının sanitar-tibb hissəsində başqa həkimlərlə birlikdə onu müayinə edib.

Koordinat.az xəbər verir ki, Adil Qeybulla müayinədən sonra jurnalistlərə açıqlamasında Tofiq Yaqublunun durumunun çox ciddi olduğunu bildirib. Həkimin sözlərinə görə, bunu T.Yaqublunun özünün də nəzərinə çatdırıb, ondan aclığı dayandırmasını xahiş edib. Amma o, razılaşmayıb və sonadək aclığı davam etdirməkdə israrlı olduğunu deyib. Belə olan halda, T.Yaqublunu heç olmasa, tibbi müdaxilə üçün yola gətirməyə çalışıblar. Xeyli danışıqlardan sonra o, buna razılıq verib.

“Onun həyatı üçün çox ciddi təhlükənin olduğunu izah etdik. Belə aclıqda elə ola bilər ki, insan baxır, hiss edir, amma birdən-birə ürəyin dayanması, başqa fəsadlar baş verə bilər. Bəzi vitaminlər, əvəzolunmaz turşular var ki, onlar orqanizmə ancaq kənardan, qida vasitəsilə daxil olur. Onun kimi yaşı 60-a çatmış, müharibədə döyüşüb, travmalar almış, bronxial astması olan, bu yaxında əməliyyat keçirmiş adam üçün on gün aclıq nə dərəcədə ciddidir, bunu ona izah etməyə çalışdıq. Amma yenə də davam etdirmək qərarında olduğunu dedi. Onda xahiş etdim ki, heç olmasa, venaya iynə vuraq. Bir litr maye, bəzi vitaminlər köçürdük. Ürək fəaliyyətinin tənzimlənməsi üçün dərman köçürdük. Bunu ilkin tibbi yardım kimi elədik”, – deyə A.Qeybulla söyləyib.

T.Yaqublunun həyatına təhlükə olduğunu vurğulayan həkim onun həbsdən buraxılması üçün siyasi hakimiyyətə, o cümlədən dövlət başçısı İlham Əliyevə müraciət edib: “Bir həkim kimi, vəziyyətin ciddiliyini bəyan edirəm. Təşəkkür edirəm ki, bizi onun yanına buraxdılar, ailəvi dostumu görə bildim, həkim kimi müəyyən kömək etdim. Amma bu, yetərli deyil. Siyasi hakimiyyətdən, prezident İlham Əliyevdən xahiş edirəm, həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılsın. Onun müalicəsinin həbsdən kənar şəraitdə davam etməsi üçün bizə yardımçı olsun”.

A.Qeybullanın sözlərinə görə, T.Yaqublu çox arıqlayıb, onun zahiri görkəmindən də vəziyyətinin təhlükəli olduğu görünür: “Xeyli çəki itirib. Həkim kimi, vizual olaraq da təhlükəni aydın görürəm. Onun yaşı, yanaşı xəstəlikləri də nəzərə alınmalıdır. Xahiş edirəm, prezident bizim müraciətimizi nəzərə alsın. Onun Qarabağ qazisi olması, müstəqillikdəki xidmətləri nəzərə alınmalıdır”.

T.Yaqublu təcridxananın tibb heyətindən narazılığı olmadığını söyləyib. Hər gün çəkisi, təzyiqi ölçülür, həkimlər daim nəzarətdə saxlayır.

A.Qeybulla deyir ki, aclığın ikinci həftəsində artıq təzyiq oynamaları müşahidə edilir. T.Yaqublu sentyabrın 10-da bu üzdən huşunu itirərək yıxılıb. “Aclığın başqa fəsadları da olur. Məsələn, psixi dəyişiklik də baş verə bilər. Geridönməz hal olsa, sosial fiqur kimi itirə bilərik onu. Ola bilər ki, həyatını xilas edə bilərik, amma sosial baxımdan faydalı insan kimi cəmiyyətə qayıtmaya bilər. Bizə isə lazımdır ki, həm sağlamlığı yerində olsun, həm də cəmiyyətə faydalı olsun”, – deyə professor bildirib.

T.Yaqublunun aclıq etməsi və nəticədə səhhətinin kəskin pisləşməsi ilə əlaqədar vəkillər Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək, onun işinə sürətlə baxılmasını və prosesə müdaxilə edilməsini istəyiblər. Vəkil Aqil Layıc bildirib ki, Azərbaycan hökuməti Avropa Məhkəməsindən göndərilən sorğuya yanlış cavab verib:

“Tofiq Yaqublu sentyabrın 2-də məhkəmədə bəyan etdi ki, aclığa başlayır. Bu barədə media orqanları da yazıb. Amma Avropa Məhkəməsinə cavabda göstərilib ki, guya Tofiq Yaqublu sentyabrın 7-dən aclıq edir. Tofiq Yaqublunun çəkisi əvvəl 91 kiloqram olub, aclıqdan sonra 80 kiloqrama düşüb. Amma Avropa Məhkəməsinə yazıblar ki, 81.9 kiloqramdan 80.2 kiloqrama düşüb”.

Xatırladaq ki, T.Yaqublu Nizami rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, özünü təqsirli bilmir və siyasi sifarişlə həbs olunduğunu deyir.

11.09.2020 19:55:00
Oxuma sayı: 26