Mehman Əliyev: "Elə məqamdır ki, Rusiya Azərbaycanda Türkiyəyə güzəştlərə getməlidir"
Ölçü:


"Türkiyə və Rusiyanın Azərbaycanla bağlı siyasəti son zamanlar razılaşdırılmış şəkildə həyata keçirilir. Yəni Türkiyənin də, Rusiyanın da Azərbaycanda maraqları nəzərə alınır. Hər iki tərəf də bu mənada əməkdaşlıq edir. Fikrimcə, Azərbaycanda Türkiyənin iştirakı və rolu daha da genişlənir və güclənir. Bu, bir növ 1992-ci ildəki vəziyyətə oxşayır. Düzdür, 1992-ci ildə Rusiya və Türkiyənin Azərbaycanda maraqları toqquşurdu, ancaq indi bu maraqlar müəyyən dərəcədə uzlaşır. Rusiya razıdır ki, Türkiyənin Azərbaycanla münasibətləri daha da güclənsin və yüksəlsin. Yəni buna etiraz yoxdur.

Koordinat.az xəbər verir ki, bunu "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Türkiyənin Cənubi Qafqazda fəallaşması barədə “Azpolitika.info”nun suallarını cavablandırarkən deyib. O, qeyd edib ki, Rusiyanın Azərbaycanda mövqe və maraqlarına diqqət etmək lazımdır: "Rusiya çalışır ki, biz daha çox ondan texnika və mal alaq, ticarət əlaqələri quraq, Rusiyaya sərmayələr qoyaq. Təxmini maraqları bundan ibarətdir. Bizdən maliyyə mənbəyi kimi istifadə etmək niyyətləri var və bu əsas məsələdir. İkincisi, təhlükəsizlik məsələləridir. Cənub tərəfdən Rusiyaya hansısa təsirlər və sair. Azərbaycan ərazisindən istifadə edilmə ehtimalı. Hesab edirəm ki, bu məsələyə dair də problem yoxdur. Ruslar sonuncu dəfə qeyd etdilər ki, son on ildə ilk dəfədir ki, iqtisadi ticarət qarşılıqlı şəkildə yüksəlib, 3 milyard ABŞ dollarını keçib. Yəni balans Rusiyanın xeyrinədir. Rusiyanın maraqları bundadır. Ruslar Azərbaycandan başqa nə istəyə bilər və burada nəyə mane ola bilər?"

Türk ordusunun Azərbaycana gəlişi barədə söz-söhbətlərə gəlincə, Mehman Əliyev belə deyib: "Türk ordusunun Azərbaycana təlimlər üçün gəlməsinə dair cürbəcür rəqəmlər səsləndirirlər. Məncə, bura böyük ordu gəlməyib, balaca kontingent gələrək təlimlərdə iştirak edib. Sözsüz ki, təlimlər ard-arda keçirilir. Mən hesab edirəm ki, Türkiyənin Cənubi Qafqazda iştirakının güclənməsinə ruslar etiraz etmir. Əksinə, mən görürəm ki, Türkiyənin Cənubi Qafqazda fəallaşması indiki mərhələdə lazım və məqsədəuyğundur. Türkiyənin Azərbaycanda iştirakı və təmsilçiliyi daha çox stabillik yarada bilir. Deyərdim ki, bu amil vəziyyətin idarə edilməsi və saxlanılması üçün daha yaxşı imkanlar açır. Çünki Rusiya ilə Türkiyənin xüsusi münasibətləri var. Bu münasibətlər özünü Suriyada, İraqda və Liviyada göstərir".

Cənubi Qafqazda Rusiya və Türkiyənin üz-üzə gəlmə riski barədə suala cavabında Mehman Əliyev deyib: "Mən deməzdim ki, bu iki dövlət başqa bölgələrdə üz-üzə gəlirlər. Əlbəttə, başqa bölgələrdə onların hər birinin öz marağı var, amma biz əməkdaşlığı da görürük. Odur ki, Cənubi Qafqaz deyəndə Gürcüstanı çıxırıq, çünki Tbilisi başqa xətdir. Ermənistanda Rusiyanın hərbi bazası var. Azərbaycanda da Türkiyənin iştirakı daha çox paritet və sabitliyə xidmət edir".

Mehman Əliyev “Azərbaycan Rusiya təsirindən çıxaraq Türkiyəyə yaxınlaşır” fikrinə başqa cür yanaşır: "Əvvəla, deyirlər ki, biz bunun üçün cəhd edirik. Mən buna cəhd deməzdim. Yenə qeyd edirəm ki, zaman gedir, hər şey dəyişir. İndi 30 il əvvəlki dövr deyil. Əksinə, başqa bir vəziyyətdir. Burada illərlə Türkiyə ilə yaxınlaşma prosesi aşağı, orta və yüksək səviyyədə gedib. Bunun üçün xüsusi olaraq şuralar, qurumlar yaradılıb. Digər tərəfdən, Rusiya ilə münasibətlər də buna uyğun olub. Unutmayaq ki, Azərbaycan və Rusiya arasında qədim münasibətlər var. Biz uzun illər imperiyanın tərkibində olmuşuq. Sadəcə, müstəqillik dövrümüzdə müəyyən qədər balansın saxlanılması və maraqların nəzərə alınması halları var idi. Çünki biz artıq başqa, Rusiya isə başqa dövlət idi. Bu reallıqdır. Amma Türkiyənin Azərbaycanda nüfuzunun bərpası və ya genişlənməsi ayrıca məsələdir, hətta deyərdim ki, 1990-cı illərdən sonra yeni tendensiyadır. Getdikcə Türkiyə burada münasibətlərdə paritet yarada bilib. Bunlar inqilabi xarakter daşıyan prosesdir. Bu gəlib elə məqama çatıb ki, artıq Rusiya burada Türkiyəyə güzəştlərə getməlidir. Biz hər zaman “Bir millət, iki dövlət” sloqanını səsləndiririk. Bu təkcə söz deyil, eyni zamanda reallıqdır. Son illərdə biz bu şüara daha çox yaxınlaşmışıq.
Nəzərə almaq lazımdır ki, yeni nəsil gəlib. Bu nəsil Türkiyə musiqisi, çizgi, kino filmləri, mediasının təsiri altında yetişib. Bizim yeni nəslimiz daha çox türk kanallarına baxır, nəinki Azərbaycan və Rusiya kanallarına. Yəni informasiya məkanı, iqtisadi məkan baxımından bu reallıqlar mövcuddur. Əslində belə hallar çox şeylərdə müşahidə olunur və bu real situasiyadır. Sovetlər birliyi dövründə biz parçalanmış bir millət idik, indi yaxınlaşmanın müşahidə edilməsi normal haldır, bunu da hər kəs başa düşür. Rusiya da bunu görür, başa düşür və güzəştlərə getməyə hazırdır".

Bu proseslərin Dağlıq Qarabağ münaqişəsinə təsirlərinə gəlincə, Mehman Əliyev deyib: "Təsirlər o mənada ola bilər ki, Türkiyənin prosesə qoşulmağı müşahidə edilir. Düzdür, Türkiyə ATƏT-in həmsədrlər qrupunda təmsil olunmur, amma ATƏT-in Minsk qrupunda var. Türkiyə dəfələrlə cəhd göstərib ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində iştirak etsin. Amma hər zaman ermənilər buna qarşı çıxıb. Ermənilər daha çox Rusiyanın nəzarətindədir və bu real vəziyyətdir. Rusiyanın Ermənistana təsirləri kifayət qədər böyükdür. Mən deməzdim ki, Rusiya Azərbaycanda Ermənistanda olduğu qədər güclüdür. Burada başqa bir vəziyyət hökm sürür. Daha çox Türkiyə təsiri güclüdür, nəinki Rusiya. Türkiyənin burada nüfuzu və iştirakını nəzərə alsaq, o cümlədən digər tərəfdə rusların təsirinin yüksək olması faktı deməyə imkan verir ki, tərəflər qarşılıqlı güzəştlərə gedə bilərlər. Mən, bunu deyərkən nümunə kimi Suriya və Liviyanı gətirirəm. Orada Rusiya və Türkiyənin maraqları olsa da, həm də bu maraqları uzlaşdırmağa çalışırlar. Yəni tərəflərin bu addıma getməsi real siyasətdir. Bu mənada ola bilər ki, Qarabağ probleminin həlli prosesində də onlar tərəf kimi iştirak edə bilərlər"
11.09.2020 18:31:00
Oxuma sayı: 39