Hüquq müdafiəçiləri Tofiq Yaqubluya görə hakimiyyətə müraciət etdi
Ölçü:

 
Hüquq müdafiəçilərindən ibarət İnsan hüquqları üzrə Birgə İşçi Qrupun (BİQ) üzvləri müxalifətçi Tofiq Yaqublunun həbsdən azad edilməsi üçün dövlət orqanlarının nümayəndələri ilə müzakirələr aparırlar.

Koordinat.az xəbər verir ki, bu barədə "Turan"a Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Onun sözlərinə görə, BİQ üzvləri dövlət qurumlarının nümayəndələrinə, deputatlara, əvf komissiyasının üzvlərinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edirlər.

Hüquq müdafiəçiləri məsələnin həllini Yaqublunun apellyasiya şikayətinə təcili və obyektiv baxılmasında, birinci instansiya məhkəməsinin hökmünün ləğvində və Yaqublunun azad edilməsində görürlər.

Cəfəroğlu qeyd edib ki, hüquq müdafiəçiləri digər siyasi məhbuslarla bağlı məsələni də qaldırırlar.

BİQ 2005-ci ildə yaradılıb və 2014-cü ildə bərpa edilib. Qrupa həm vətəndaş cəmiyyətinin, həm də hakimiyyətin müxtəlif qollarının nümayəndələri daxildir.

Hazırda BİQ-də hüquq müdafiəçilərini Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Çingiz Qənizadə təmsil edirlər.
10.09.2020 17:16:00
Oxuma sayı: 255