Güzəştli mənzillərin hamısı satıldı - RƏSMİ
Ölçü:

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 2 saylı binası üzrə 96, 3 saylı binası üzrə 242 və 4 saylı binası üzrə 137 mənzilin, ümumilikdə 502 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə 10.09.2020-ci il tarixində saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

MİDA-dan Koordinat.az-a verilən məlumata görə, satışa çıxarılan 502 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib: ““Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 15 453 nəfərdir. Bugünkü satış zamanı 502 mənzilin seçimində iştirak edənlərin sayı 1301 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 502 mənzilin 445-i vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış operativ qərargahda Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 14 sentyabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 19 sentyabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək”.

Rəsmi məlumata görə, qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər: “Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək”
10.09.2020 16:48:00
Oxuma sayı: 145