Zərdüşt Əlizadə: ""Qardaş dövlət, can Türkiyə" deməklə Qarabağ azad olunmur"
Ölçü:


"Türk ordusunun Azərbaycana gəlişi, burada birgə təlimər keçirilməsi ətrafında baş verənlər sadəcə, vaxt udmaqdır. Əslində vaxt həm də pul deməkdir. Qarabağ probleminin həlli üçün lazım olan layihələri işə salmaq məsələsi yoxdur. Həm də yalnız müharibə, yalnız qırğın prinsipi Rusiyanın maraqlarına uyğundur".

Koordinat.az xəbər verir ki, politoloq Zərdüşt Əlizadə iyulun 12-də Tovuzda baş verən erməni təxribatından sonra bölgədə yaranmış durum, Türkiyə-Azərbaycan müttəfiqliyinin yeni perspektivləri barədə “AzPolitika”ya müsahibəsində belə deyib. O, bildirib ki, Türkiyə regionda təsirini artırmağa çalışır: "Türk ordusunun Azərbaycana gəlişi, burada birgə təlimər keçirilməsi Türkiyənin dövlət kimi Cənubi Qafqaza daha çox təsir etməsinin, özünə nüfuz qazanmasının göstəricisidir. O ki qaldı "qardaş dövlət, can Türkiyə" demək olar, amma Qarabağ münaqişəsi donmuş vəziyyətdə qalmaqda davam edir. Real situasiya budur. Bizdə vəziyyət göz önündədir. Əgər Azərbaycan Qarabağın azadlığı üçün səmərəli siyasət yürütsəydi, deyərdim ki, bu təlimlərin xeyri olacaq. Amma nəzərə alın ki, münaqişə Rusiyanın əlində qamçıdır və bunun vasitəsilə hər iki ölkəyə təsir göstərə bilir".

Politoloq Azərbaycan və Rusiya hərbçilərinin qarşılıqlı səfərlərinə, fəal müzakirələrə də münasibət bildirib. Onun fikrincə, bu tip məsələlərin Qarabağ münaqişəsinin həlli prosesinə təsir imkanları yoxdur: "Azərbaycan Müdafiə Nazirliyinin saytında kiçik araşdırma aparmaqla müəyyən etmək olar ki, ölkəmizin Müdafiə naziri ildə neçə dəfə Moskvaya səfər edib, Rusiya Müdafiə Nazirliyinin rəsmiləri neçə dəfə Azərbaycana gəliblər. İstər MDB çərçivəsində, istərsə də ikitərəfli qaydada. Eyni şeyi Ermənistan, Orta Asiya ölkələrinin müdafiə nazirləri də edir. Bu, Rusiyanın ümumi siyasətidir. MDB ölkələrinin əsas silahı da Rusiya silahıdır. Hesab edirəm ki, bu məsələlərdə malı-mala qatmaq lazım deyil. Başqa sözlə, Dağlıq Qarabağ münaqişəsi başqa, hərbi əməkdaşlıq, qarşılıqlı əlaqələr isə tam başqa məsələdir".
08.09.2020 17:39:00
Oxuma sayı: 121