Azərbaycan böyük dəyişikliklər astanasında: erkən seçkilər, konstitusiya islahatları, siyasi qüvvələrin həqiqi dialoqu...
Ölçü:


YAP aparılan həbslər və son olaylarla faktiki olaraq, darmadağın edilib. Prezident və Birinci vitse-prezident bu partiyanı rebrendinq edəcək, onun bazasında yeni simalarla yeni bir partiya qurulacaq". 

Koordinat.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib. O, hazırkı Milli Məclisin buraxılacağı, bəlkə seçki sisteminin də dəyişdiriləcəyini düşünür. Onun fikrincə, ölkədə və regionda baş verək son hadisələrin məntiqi bunu deyir: "Xalqın və dövlətin mənafeləri tələb edir ki, ölkədə köklü dəyişikliklərə başlamaq üçün milli konsensus əldə olunmalı, siyasi qüvvələr və toplumla həqiqi dialoq qurulmalı, siyasi həbs və saxta seçki ayıbına son qoyulmalı, gecikmədən Konstitusiya islahatı başda olmaqla, bütün sahələrdə islahatlara start verilməli, bütün səviyyələrdə azad və şəffaf seçkilər keçirilməlidir". 

Şahin Cəfərli bildirib ki, keçmiş prezidentlərin və onların ailə üzvlərinin təhlükəsizliyinə Konstitusiya ilə zəmanət verilməsi proseslərin dinc məcrada inkişafı üçün vacib şərtlərdən biridir. O, hesab edir kiŞ, bütün siyasi qüvvələrin razılığı ilə Konstitusiyaya bu barədə keçid müddəası daxil etmək olar: "Ölkədə nəhayət ki, qansız-təlatümsüz, demokratik seçkilər yolu ilə hakimiyyətin dəyişməsi praktikasının əsası qoyulmalıdır. Heç bir siyasi iqtidar (nə indiki, nə də gələcək) hakimiyyəti xalqdan mandat almış şəxslərə və siyasi qüvvələrə təhvil verməkdən qorxmamalıdır. Bu, həyati önəmə sahib bir məsələdir və bu praktikanı tətbiq edə bilməsək, gələcəyimiz qaranlıqdır". 

Politoloq bildirib ki, Orta Şərqdə baş verənlər Azərbaycan cəmiyyəti üçün də ibrət dərsi olmalıdır: "Bu hadisələr bir daha göstərdi ki, ölkənin taleyini onu idarə edənin taleyinə bağlamaq sonda ağır nəticələrə səbəb olur - həm ölkə, həm də o şəxsin özü üçün... 
Belarus hadisələri də ciddi dərsdir. Sakit, həlim təbiətli, hətta müti görünən bir xalqın gözlənilmədən vulkan kimi necə püskürdüyünü görürük. Ona görə də, əgər kimlərsə Azərbaycan xalqını yaxşı tanıdıqlarını və nə baş verirsə versin, onun heç vaxt ayağa qalxmayacağını düşünürlərsə, buna əmindirlərsə, yanılırlar. Belarusdan çıxarılmalı olan ən önəmli dərslərdən biri budur ki, artıq günümüzdə müxalifət partiyalarını əzmək, liderlərini həbsə atmaq da yetərli olmur, lidersiz passionar kütlə özü qərar verməklə və təşkilatlanmaqla proqnozlaşdırılması çətin olan bir gücə çevrilir".
 
Şahin Cəfərli bütün bunlardan sonra bir daha qeyd edir: "Yaxşı olar ki, bizdə dəyişikliklər yuxarıdan islahatlarla, geniş iştirakçılıq şəraitində, milli konsensusla həyata keçirilsin. İnsanların səbrini sınamaq gərəksizdir. Ölkəni yeni dövrə hazırlamaq lazımdir. Bir azdan neft və qazımız da heç kimə lazım olmayacaq. Enerji sahəsində strateji ortağımız BP-nin və əsas müştərilərimizdən olan Avropa Birliyinin dekarbonizasiya strategiyalarını həm oxumağa, həm də anlayıb, nəticə çıxarmağa ehtiyac var. Bu ölkəni və onun övladlarını yoxsulluğa, hüquqsuzluğa məhkum etməyə heç kimin haqqı yoxdur. Çox gecikmişik. Bu mərhələni təcili qapadıb, yeni bir səhifə açmalıyıq".
24.08.2020 18:14:00
Oxuma sayı: 3038