3 yaşlı uşağın ölüm sirri: həqiqətləri üzə çıxarmalı olan istintaq işi dolaşdırıb
Ölçü:


Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Arzu Qurbanlının ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qənbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Koordinat.az xəbər verir ki, budəfəki iclasda şahidlər dindirilib. Şahid qismində ifadə verən tibb bacısı Röya Əliyeva bildirib ki, həmin xəstəyə o baxmayıb: “O xəstə mənim xəstəm olmayıb. Mən o uşağı və onun valideynini axşam saatlarında görmüşəm. Axşamüstü palatasının ağzından keçərkən uşağın səsini eşitdim, baxdım ki, əhvalı xoşagələn deyil. Bu barədə lazımı şəxslərə xəbər verməyə çalışdım. Ümumiyyətlə, uşağın anası ilə onun səhhəti ilə bağlı heç bir söhbət olmayıb".

Tibb bacısının istintaqa verdiyi ifadəsi oxunarkən onun məhkəmədə verdiyi ifadə ilə eyni olmadığı məlum olub. Bununla bağlı sualı cavablandıran Röya Əliyeva deyib ki, o, müstəntiq tərəfindən iki dəfə çağırılıb: "Birinci dəfə yay aylarında, ikinci dəfə isə payız idi, soyuq ayların birində. Müstəntiq mənə dedi ki, şəxsiyyət vəsiqəsilə bağlı gəlməliyəm. Bu zaman o mənə bir sənədə qol çəkdirdi və dedi ki, birinci ifadəmin kopyasıdı. Ona görə də oxumağa ehtiyac yoxdu”.

Şahidin sözlərinə görə, hadisə günü saat 21:00 radələrində o, palataya girərkən, Arzu Qurbanlını arxası üstə uzanmış vəziyyətdə görüb.

Digər şahid, klinikada baş tibb bacısı vəzifəsində işləyən Ləzifə Xəlilova ibtidai istintaqdakı ifadəsini təkzib edib. O bildirib ki, anesteloji vəsaitlər jurnalında düzəlişlərin aparılmasından xəbəri olmayıb: "Bu halı yalnız müstəntiq öz otağında mənə dedi. Orada yazılıb ki, guya mən jurnalın saxtalaşdırılmasından xəbərdar olmuşam, hətta tibb bacısı Rəhimə Abdullayevaya jurnalda saxtakarlıq etdiyinə görə irad tutmuşam. Halbuki bu yalandır. Mənim heç nədən xəbərim olmayıb və Rəhimə Abdullayevaya heç nə deməmişəm. Mən orada düzəlişin, qaralamanın olduğunu prokurorluqda gördüm".

Şahidin ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə zalında oxunarkən L. Xəlilova etiraz edərək orada yazılanların ona aid olmadığını və ümumiyyətlə, həmin tarixdə ifadə vermədiyini bildirib: “Mən izahatda göstərildiyi kimi, avqustun 25-də müstəntiqin yanında olmamışam, bu doğru deyil. Mən istintaqa cəmi bir dəfə çağırılmışam, oraya da anamla birlikdə getmişəm. Dəqiq yadımdadı ki, biz oraya noyabrın axırları, dekabrın əvvəlllərində getmişik. Mənim üzərimdə qış geyimləri olub”.

Növbəti məhkəmə prosesi oktyabrın 18-ə təyin edilib.

Xatırladaq ki, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

İ.Qəmbərov barəsində həbs qətimkan tədbiri seçilməyib.

12.10.2017 17:14:28
Oxuma sayı: 4966