Azər Həsrət: "O dövrdə məni ipə-sapa yatırmaq mümkünsüz idi" - MÜSAHİBƏ
Ölçü:


Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Teleqraf.com-a müsahibəsində özünün keçmişi, 2003-cü ildə Mətbuat Şurasına sədr seçkiləri zamanı Əflatun Amaşova uduzması, hazırkı siyasi baxışları barədə maraqlı açıqlamalar verib.

Koordinat.az
həmin müsahibəni oxuculara təqdim edir.

– Azər bəy, indicə dəhlizdə bir dostunuzla hal-əhval tutduq. Kimi gözlədiyimizi soruşdu. Adınızı çəkən kimi qayıtdı ki, Azər Həsrətə çox inanmayın, yarım saat deyibsə, bir saata gəlsə, şükür eləyin...
– Yəqin, zarafat edib. (gülür) Mən sözümün ağasıyam. Ölərəm, sözümdən dönmərəm. Məndən söz almaq çətindir. Amma verdiyim sözü yerinə yetirməyimdə heç bir problem yoxdur. Ona görə heç kimə söz vermirəm. İnanın ki, bu gün sizinlə müsahibəyə gəlməkdən ötrü bir neçə planımı təxirə salmışam. Özü də bərk soyuqlamışam, gözlərim də zəifləyib...

– Soyuqlamağınız və gözlərinizin zəifləməsi fiziki problemlərdir. Bəs mənəvi cəhətdən özünüzü necə hiss edirsiniz? Sizcə, sağlam bir insansınızmı?
– Mən mənəvi cəhətdən çox sağlamam. Heç vaxt ruhdan düşmərəm. Son üç ildə belimdən bir neçə dəfə əməliyyat olunmuşam. Amma bundan heç kimin xəbəri olmayıb. Hətta həyat yoldaşımı da yanımda aparmamışam.

– Əməliyyat olunduğunuzdan həyat yoldaşınızın da xəbəri yox idi?
– Xəbəri vardı. Amma dönə-dönə tapşırmışdım ki, bunu heç kim bilməsin. Nə sizin ailəniz bilsin, nə də bizim. Yalnız əməliyyatdan sonra ictimaiyyət və dostlarım xəbər tutdu. Hətta mənə hal-əhval üçün zəng vuran dostlarla şaqraq bir səs tonu ilə danışırdım. Axırda dostlarımdan biri dedi ki, qardaş, vallah, sən xəstəyə oxşamırsan. (gülür)
Mən şəxsi problemlərimi cəmiyyətə yükləmirəm. Eyni zamanda xəstəliyə də normal yanaşıram. İnsan xəstələnər, bu, dünyanın sonu demək deyil. Qorxunun əcələ faydasının olmadığını bildiyimə görə xəstəlikdən də qorxmuram. Özümü mənəvi cəhətdən bu cür kökləmişəm və mənim mənəvi planda heç bir xəstəliyim yoxdur.

– Maddi imkanlarınız necədir? Yaxşı, yoxsa çox yaxşı?
– Mən maddiyyat düşünən insan olsam, qısa bir müddətdə Azərbaycanın ən varlı adamlarından biri olaram. Bakıda 10-15 evim olar. İndi isə mən nuh əyyamından qalma bir maşın sürürəm. Maşınım həftənin üç günü ustada olur.
Düzü, əvvəl dolanışığım indikindən daha yaxşı idi. Mən 2007-2008-ci illərdə evdə oturub tərcüməçiliklə məşğul oldum və altı aya 60 min dollar qazandım. İndi də Allaha şükür, dolanışığımız yaxşıdır. Amma gen-bol da yaşamırıq. Həyat yoldaşım dövlət qulluğunda işlədiyinə görə maaşı elə çox deyil. İldə bir dəfə QHT-lərə Dövlət Dəsyəyi Şurasından qrantımız olur. O da elə böyük məbləğ deyil. Amma ictimai fəaliyyətim zəruridir. Beynəlxaq birliklərin, təşkilatların tədbirlərində iştirak edirəm. Bunlar Azərbaycanın dərdlərini yüksək tribunalarda demək üçün fürsətdir. Bütün bu işlərərə görə düşünürəm ki, müəyyən çətinliklərə dözməyə dəyər.

– Borclarınız yoxdur ki?

– Xeyr. Mənim heç kimə pul borcum yoxdur.

– Banklara da?
– Heç vaxt kredit götürməmişəm. Və heç vaxt da borca girməmişəm.

– Dediniz ki, istəsəm, Bakıda 15 evim olar. İndi neçə eviniz var?
– Bir evim var. O da panel evdir, sovet vaxtında tikilib. Amma ağlaşma qurmağı xoşlamıram.

– Uşaqlarınız ailəlidir?
– Mən gec evlənmişəm. Uşaqlarım hələ kiçikdir. Qızım Aysel 11-ci, oğlum Ayxan isə 9-cu sinifdə oxuyur.

– Səhv etmirəmsə, Xaçmaz rayonundansınız...
– Bəli... Xaçmazın Dədəli kəndindənəm.

– Bildiyimizə görə, orda ləzgilər çoxdur.
– Mənə bəzən deyirlər ki, bəlkə ləzgisən, gizlədirsən? Əsla! Ləzgi olsam, deyərəm. Burda ayıb bir şey yoxdur. Amma mən türkəm! Xaçmazda əhalinin 75 faizi türkdür. Digər əhalinin isə hamısı ləzgi deyil. Tatlar, kürdlər, qaraçılar da var.

– Məişət həyatınızla bağlı suallardan ictimai məsələlərə keçmək istəyirəm. Yəqin özünüz də bilirsiniz ki, sosial şəbəkələrdə çox tənqid olunursunuz. Haqqınızda hətta təhqiramiz ifadələr də işlədirlər. Bütün bunlar sizə necə təsir edir?
– Əvvəla, təhqir dilində danışan insanların ciddi tərbiyə problemi var. Axı niyə onlar bizi bu qədər açıq şəkildə təhqir edə bilirlər? Ona görə də cəmiyyətin yenidən formalaşmağa ehtiyacı yaranır.
İkincisi, adam var ki, sosial şəbəkədəki adi bir rəydən depressiyaya düşür. Mən isə bu mərhələni keçmişəm və dözmüşəm. Çünki sosial medianın həyatımıza daxil olması zəruridir. Cəmiyyəti bundan təcrid etmək olmaz. Cəmiyyət bunu mənimsəməlidir. Mənimsəyənə qədər isə təcrübəsiz bir yoldan keçməlidir. Və bu təcrübənin formalaşması üçün bizim kimi insanlar onlara şans verməlidir. Çünki dağın başındakı çobandan, taksi sürücüsündən tutmuş hər hansı ziyalı və alimə qədər hamı eyni qazanın içində diskussiyaya girir. Axı mənim kimi adamlar da dözümlülük göstərməsə, o diskussiyalar başqa yönə gedə bilər. Bu səbəbdən mən özümə qarşı yönələn tənqidlərə və hətta təhqirlərə də dözümlü yanaşıram.

– Xatırlayırsınızsa, əvvəl dözmürdünüz, tez-tez cavab verirdiniz...
– Bəli... Əvvəllər məndə də təcrübəsizlik vardı. Əsəbi cavablar verirdim. Amma indi çox şey öyrənmişəm, hirsli davranmaya bilirəm. Bunun üçün də hətta təhqirlərə də cavab yazmıram.

– Heç özünüzə sual vermisiniz ki, insanlar sizə qarşı niyə belə aqressivdir?
– Əslində, o insanları yönəldənlər var. Kütləni hara istiqamətləndirsən, ora da gedir. Heç kimə sirr deyil ki, indi kütlə ilə işləyən fərqli kəsimlər mövcuddur. Məsələn, hakimiyyətin içindəki kəsim, müxalifət kəsimi, ölkə daxilində xaos yaratmağa maraqlı və xarici ölkələrə bağlı olan kəsim, dindar kəsim...

– Yəni ölkədə səmimi bir kəsim yoxdur?
– Əlbəttə var. Təbii, məni tərifləyənlər, yanımda olanlar, mənə qarşı pozitiv yanaşanlar da az deyil. Amma biz tənqid və təhqir edənlərdən danışırıq.

– Sizcə, cəmiyyət Azər Həsrətdən nə umurdu, nə gözləyirdi? Və nə gördü ki, sizi hədəf aldı?
– Birincisi, insanlar fikirləşir ki, mən 20 il əvvəl necə düşünmüşəmsə, indi də elə düşünməliyəm. Mən isə onlara izah etməyə çalışıram ki, sizin bu yanaşmanız bolşevik təfəkkürüdür. Çünki 20 il bundan öncənin problemləri bu günün problemləri deyil.
Bir misal çəkim. Məsələn, ana dilimizin televiziyalarda qorunması ilə bağlı çox gözəl bir tədbir keçirildi. Mən rəyasət heyətinə baxdım. Orda oturanlar – Əli Həsənovdan tutmuş Akademiyanın institut direktorlarına qədər hamısı ana dilimizn qayğısına qalmağa çalışan milli adamlar idi. Amma 20 il bundan qabaq rəyasət heyətində elə adamlar otururdu ki, onlar hətta rus dilində danışırdılar. Bu gün isə elə deyil. Azərbaycan hakimiyyətinin başında oturanından tutmuş üzü aşağıya qədər hamısı milli adamlardır. Təbii, istisnalar da var. Amma məsələn, heç kim deyə bilməz ki, Milli Teleradio Şirkətinin sədri Nuşirəvan Məhərrəmli milli adam deyil. Heç kim deyə bilməz ki, Muxtar İmanov milli adam deyil. Yaxud, heç kim deyə bilməz ki, Kamal Abdulla milli adam deyil. Yəni hakimiyyət bizim arzu etdiyimiz vitrini qurub. Və bu vitrini qurduğuna görə də mən onun yanındayam. Kütlə isə deyir ki, sən 20 il qabaq harda idinsə, indi də orda olmalısan. Məsələ budur.

– Daha konkret danışaq. Haqqınızda ən çox eşitdiyimiz söz ondan ibarətdir ki, Azər Həsrət mövqeyini dəyişib. Bu fikirlərə necə cavab verirsiniz?
– Mənim mövqeyimin, əqidəmin nə olduğunu bilirsinizmi? Bu sualı oxucuya və sizə ünvanlayıram.

– Xeyr...
– Əlbəttə, bir insanın əqidəsini onun özündən yaxşı heç kim bilə bilməz. Mən ağlım kəsəndən türk milliyətçisiyəm. Yaxşı yadımdadır, mən Almaniyada əsgərlikdə olanada oraya ayrı-ayrı dillərdə qəzetlər gəlirdi. Və mən özbək dilində olan qəzetləri sevə-sevə oxuyurdum. İndi anlayıram ki, bu, genimdə və içimdə olan bir koddur, işarətdir və mənə xəbər veirir ki, sən bunu oxumalısan. Bu gün də özbəkləri, qazaxları sevirəm. Məsələn, özümə rahat şəkildə qazax, özbək deyə bilirəm.
Mən 1987-ci ildən bəri bu əqidədəyəm və bir addım da olsun öz əqidəmdən geri çəkiləməmişəm. Məni tanıyanlardan soruşsan, deyəcəklər ki, Azər əvvəl də belə idi, indi də! Siyasi mövqe ilə əqidəni qarışıq salmaq olmaz.

– Bəs siyasi mövqeyinizlə bağlı məsələni necə əsaslandırırsınız?
– Bilirsinizmi, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə beynimizə yeridilmişdi ki, o, bizim əqidəmizə uyğun bir şəxsiyyət deyil. Amma zaman göstərdi ki, Heydər Əliyev bizim hamımızdan daha çox türkdür, daha çox türkçüdür və daha çox millidir, daha çox dövlətçidir. Sadəcə, zamanında bizim liderlərimiz onu düzgün tanımağımıza imkan vermədi.

– Liderləriniz kim idi ki?
– Elçibəy, Əli Kərimli...

– Yəni deyirsiniz ki, sizi yanlış yola yönəldən Elçibəy olmuşdu?
– Elçibəy heç vaxt bizə deməmişdi ki, bu yolla gedin. Sadəcə, o bizim üçün bir mayak idi, onu bir lider kimi qəbul edirdim. O, nə düşünsə, nə danışsa, ona uyğun davranırdıq. Mənim Elçibəylə çox ünsiyyətim olmayıb, bir-iki dəfə ayaqüstü görüşmüşəm, vəssalam. 1989-cu ildə Xalq Cəbhəsi qurulanda məhz milli və azadlıq yönümlü olduğuna görə, ora ilk üzv olanlardan biri də mən olmuşam. Amma tam səmimiyyətimlə deyirəm, Əbülfəz Elçibəy zamanında Heydər Əliyevlə anlaşmalı idi.

– Anlaşsaydı, nə olacaqdı?
– Azərbaycan bu qədər çox təlatüm yaşamayacaqdı...

– Elçibəyin hakimiyyəti qoyub Kələkiyə getməsi anlaşmaq deyildimi?
– Təbii, anlaşmaq idi.

– Bəs niyə deyirsiniz ki, Əbülfəz Elçibəy zamanında Heydər Əliyevlə anlaşmalı idi?
– Əbülfəz Elçibəy ömrü boyu Heydər Əliyevi tənqid elədi. Halbuki, Elçibəy deməli idi ki, lider Heydər Əliyevdir və xalq onun arxasınca getməlidir. Elçibəysə Kələkiyə gedəndən sonra onun nazirləri, məmurları fəaliyyətlərini dondurdular. Heydər Əliyev buna etiraz etdi. Dedi ki, siz belə edə bilməzsiniz, dövlətin vəzifəsində ya qalmalısınız, ya da imtina etməlisiniz.

– Nazirlərə, məmurlara vəzifələrini dondurmaqla bağlı tapşırığı Elçibəy vermişdi?
– Təbii, dediyiniz variant da mümkündür. Amma ehtimalla danışmağın tərəfdarı deyiləm. Demək istədiyim isə odur ki, bizim enerjimiz 90-cı illərdə düzgün yönləndirilmədi. O zamanlar gənclər, mən də daxil olmaqla, çox dəli-dolu idi. Desəydilər, əli boş, ayağıyalın döyüşə, ermənilərin üstünə gedin, gedərdilər. Bu enerjidən istifadə edən olmadı. Amma məsələn, mən bu gün əliyalın döyüşə getmərəm...

– Söhbətimizi məcrasına qaytaraq. “Əməkdar jurnalist” adını almısınız. Bu tituldan sonra tənqid olunmağınız xüsusilə şiddətlənməyə başladı...
– Mən 1994-cü ildən mediadada olan, jurnalistikada külüng çalmış bir adamam. Azərbaycan jurnalistikasının ən yüksək təşkilatlarda təmsilçiliyi mənim adımla bağlıdır. Ona görə hesab edirəm ki, mən həqiqətən də əməkdaram! Xatırlayırsınızmı, 2015-ci il I Avropa Oyunları ərəfəsində xarici mediadan Azərbaycana nə qədər hücumlar vardı. Mən həmin hücumlara qarşı çox dirəşdim, cavablarını verdim və onları susdurduq!

– Maraqlıdır, necə susdurdunuz?
– Azərbaycan əleyhinə yazan xarici qəzetlərin rəhbərləri şəxsən tanıdığımız, danışdığımız, söhbət etdiyimiz, çay içdiyimiz adamlardır. Onlar mənim sözümü diqqətə aldılar. Mən şəxsən “Qardian” qəzetinin redaktoru Piter Prenstona məktub yazdım ki, sizin Azərbaycan kimi balaca bir ölkə haqqında həftədə üç dəfə tənqidi yazı yazmağınız media işi ilə daban-dabana ziddir. Və onlar bundan sonra dayandılar, daha yazmadılar. Söhbət hakimiyyətdən getmir. Bu, dövlətə xidmətdir.

– Xarici dövlətlər sizə mükafat versə, qəbul edərsiniz?
– Baxır nəyə görə verilir. Mediaya xidmətlərimə görə hansısa mükafat verilirsə, əlbəttə, bunun haqqında düşünmək olar. İkincisi, mənim xarici ölkələrdən mükafat almaq imkanım həmişə olub. 2000-ci illərdə mən “Azadlıq” qəzetində işləyərkən Amerikadan yeni qayıtmış Xədicə İsmayıl yanıma gəldi və dedi ki, Azər Həsrət, sən nə böyük adamsan, Vaşinqtonda məndən soruşurlar ki, Azər Həsrəti tanıyırsanmı? Xədicə o yolları məndən sonra getməyə başlayıb.

– Azər bəy, yaxınlarda Əflatun Amaşov bir müsahibə vermişdi. Oxudunuzmu?
– Hə... Çox səmimi müsahibə idi.

– Demişdi ki, Mətbuat Şurasının sədri uğrunda mübarizədə mənim ən böyük rəqibim Azər Həsrət olub.
– Elədir. Bizə mehriban düşmənlər demək olar...

– Daha Mətbuat Şurasının sədri olmaq şansınız yoxdur?
– Sözün açığı, indi mənim elə iddiam da yoxdur. Amma 2003-cü ildə mən çox ciddi rəqib idim. Uduzmağımın səbəbi isə heç də Əflatun Amaşovun daha güclü olması deyildi. Buna səbəb o vaxt müxalifətə yaxın media rəhbərlərinin, məsələn, “Yeni Müsavat”ın mənə zərbə vurması oldu. Doğrudur, elələri oldu ki, mənimlə açıq söhbət elədi, yəni özünü gizlətmədi. Amma bu yaxınlarda öyrənmişəm ki, burnumun dibindəki dostlarımın hamısı – Rauf Arifoğlu, Arif Əliyev, Elçin Şıxlı, Mehman Əliyev sonradan mənim əleyhimə işləyiblər. Mətbuat Şurasının sədrliyinə namizəd Qənimət Zahidlə mən idim. O zaman Qənimət Zahid çəkildi, Əflatun Amaşov iqtidarın, mən isə müxalifət adamı kimi qaldıq. Əflatun Amaşovu ipə-sapa yatırmaq çətin deyildi. Amma o dövrdə Azər Həsrəti ipə-sapa yatırmaq mümkünsüz bir şey idi.

– İndi sizi ipə-sapa yatırmaq mümkündürmü?
– İndi problem yoxdur. Çünki qapıları açıblar və mənim dialoq imkanım var. O zaman Rauf Arifoğlu dedi ki, niyə qoymursunuz Əflatun Amaşov sədr olsun? Biz də dedik ki, o, bizim arzu etdiyimiz namizəd deyil. Rauf Arifoğlu bizi dəstəkləmədi. Çünki o düşünürdü ki, Əflatun Amaşov hakimiyyətlə media arasında körpü rolunu oyanaya biləcək, mən isə yox. Çünki radikalam. Əflatun Amaşovun qalib gəlməsinin əsas səbəbi də bu dörd adam oldu: Rauf Arifoğlu, Arif Əliyev, Elçin Şıxlı və Mehman Əliyev... O zaman hətta ən yaxın başqa bir dostum da mənə qarşı imiş. Bunu da indilərdə öyrənmişəm.

– Kim?
– Adını açıqlamaq fikrim yoxdur. Sadəcə, onu deyə bilərəm ki, o vaxt biz toplaşıb öz strategiyamızı müəyyən edəndə bu adam da bizim içimizdə idi. Amma sən demə, o, gizlicə ayrı-ayrı jurnalistlərə yaxınlaşıb deyirmiş ki, Əflatun Amaşova səs verin. Halbuki, bütün görüntüsü ilə mənim yanımda idi. Mən isə bəyanat vermişdim ki, kim qalib gəlsə, uduzan tərəf onun əlini sıxacaq.

– Amaşovun əlini sıxdınızmı?
– Əlbəttə... Həmin andaca Əflatun Amaşovu təbrik elədim və uduzduğumu qəbul etdim.

– Bir sual da verim. Deputat olmaq istəyirsiniz?
– Əslində, bu saat mənim yerim parlament olmalı idi. Və mən bunu istəyirəm. Bunun üçün dörd dəfə namizədliyimi də irəli sürmüşəm.

– Niyə hesab edirsiniz ki, siz parlamentdə olmalısınız?
– Mənim parlamentdə olamğım təkcə özümə yox, Azərbaycana lazımdır. Parlamentdə oturan bəzi deputatlar bu statusun nə olduğunu yaxşı bilsələr, bu gün Azərbaycan həftə səkkiz, mən doqquz beynəlxalq təşkilatların tənqidlərinə tuş gəlməz.
2009-cu ildə Eynulla Fətullayev həbs olundu. O zaman Serbiyada Beynəlxalq Mətbuat İnstitutunun qurultayı idi. Qərar qəbul olundu ki, Eynulla ilə bağlı komissiya qurulsun və komissiya onun məsələsini müzakirə etsin, təkliflər versin. Mən isə həmin komissiyanın qurulmasının qarşısını aldım. Ona görə yox ki, Eynullanın həbsdə qalmasını istəyirdim. Ona görə ki, komissiya qurulsa, kampaniyalar başlanacaqdı və dövlətimizə hücumlar olacaqdı. Mən orda dedim ki, bizə hücumlar lazımdır, yoxsa Eynullanın həbsdən çıxması? Yəni mənim təcrübəmdə belə şeylər çoxdur. Əlimdə nəticələr var. Ona görə deyirəm ki, mənim yerim parlamentdir. Hər hansı bir nazirlikdə ciddi vəzifəyə iddia etmirəm. Çünki mən sərbəst adamam.

– Sonda... Maraqlıdır, neçə yaşınız var?
– 1968-ci ildə doğulmuşam. 50 yaşın içindəyəm.

– Amma sanki yaşlı görünürsünüz...
– Yox... Sadəcə, saçım tökülüb. Elə də yaşlı görsənmirəm. (gülür) Sağlam həyat tərzi sürmüşəm. Mən 40 yaşıma kimi heç vaxt xəstələnməmişəm.

– İdmanla məşğul olursunuz?
– Daim məşğul oluram. İki il əsgərlik dönəmimin il yarımını idman təşkilatçısı olmuşam. İndi də piyada çox gəzirəm, şəhərin bu başından vurub o başından çıxıram.

10.10.2017 13:04:00
Oxuma sayı: 138