Məhkəmə Rəhim Qazıyevin vəsatətini yerinə yetirməyib
Ölçü:


Ötən gün Bakının Səbayel Rayon Məhkəməsində keçmiş müdafiə naziri Rəhim Qazıyevin ev məhbusluğuna keçirilməsi barədə vəsatətə baxılıb.

Koordinat.az xəbər verir ki, müdafiə tərəfi ahıl yaşı, 78 yaşlı müttəhimin səhhətilə bağlı problemləri, istintaqdan yayınmaq niyyətinin olmaması ilə əlaqədar qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. Keçmiş nazir məhkəmədə günahsız olduğunu bildirib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

İyulun 13-də Azərbaycan DTX əməkdaşları ölkənin keçmiş müdafiə naziri Rəhim Qazıyevi saxlayıblar. DTX və Baş Prokurorluğun birgə məlumatında deyildiyi kimi, R.Qazıyevin iyulun 12-13-də Ermənistan-Azərbaycan sərhəddində hərbi əməliyyatlar barədə həqiqətəuyğun olmayan məlumatları sosial şəbəkələrdə “məqsədyönlü” şəkildə yaydığına dair əsaslı şübhələr var idi. Bununla o, “Azərbaycanın müdafiə qabiliyyətinin zəifləməsinə yönəlmiş hərəkətlər” törədib.

Bundan əlavə, R.Qazıyev “iğtişaşlara və dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə” çağırışlarda təqsirli bilinir.

R.Qazıyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (dövlətə qarşı açıq çağırışlar) və 282-ci (təxribat) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrə görə onu 15 ilədək azadlıqdan məhrum edilmə təhlükəsi gözləyir.

Rəhim Qazıyev 1992-ci ildən 1993-cü ilə qədər Azərbaycanın müdafiə naziri olub. 1993-cü ilin payızında Şuşa və Laçın şəhərlərinin erməni qoşunları tərəfindən işğalı işi üzrə həbs edilib.

1994-cü ilin sentyabrında R.Qazıyev təcridxanadan qaçıb 1996-cı ilə qədər Rusiyada gizlənib. 1995-ci ildə onu qiyabi olaraq ölüm hökmünə məhkum etmişdilər ki, sonradan ömürlük həbslə əvəzləndi. 1996-cı ildə R.Qazıyev Azərbaycana ekstradisiya edilib. 2005-ci ildə əfv edildikdən sonra azadlığa çıxıb.
14.08.2020 18:13:00
Oxuma sayı: 73