Təhsil Nazirliyi qalmaqallı dərslik barədə: "Səhv var və məsələ araşdırılacaq"
Ölçü:


Təhsil Nazirliyi mətbuatda tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün X sinif “Всеобщая история” dərsliyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.

Koordinat.az xəbər verir ki, nazirliyin mətbuatla iş sektorunun müdiri Cəsarət Valehov "Facebook" səhihəsində yazdığı statusunda həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edildiyini bildirib. Onun sözlərinə görə, aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib.

"Tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün yeni çap olunmuş X sinif “Всеобщая история” dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanılıb. Dərsliyin orijinal Azərbaycan və gürcü dilində tərcümə variantlarından fərqli olaraq, qədim Roma imperiyasının xəritə toponimləri rus dilində olan variantda düzgün verilməyib" - deyə, nazirlik rəsmisi əlavə edib.

Cəsarət Valehov bildirib ki, həmin dərslikdəki texniki səhvlə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət edib. nazirliyin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib: "Məsələ ilə bağlı araşdırma aparılır".

Xatırladaq ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur. Dərslikdə yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.
07.10.2017 20:15:56
Oxuma sayı: 446