Universitetlərdə hazırlıq şöbələrinə dair qanuna dəyişiklik təsdiqlənib - SSRİ-nin qaydaları bərpa olunur
Ölçü:


Milli Məclisdə “Təhsil haqqında” qanuna dəyişikliklər edildikdən sonra prezident İlham Əliyev qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Koordinat.az
xəbər verir ki, sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunacaq. Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az-a bildirib ki, universitetlərdə hazırlıq qruplarının yaradılması Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək:  "Biz “Təhsil haqqında” qanuna dəyişiklik etmişik və prezident də həmin dəyişiklikləri təsdiqləyib. Qanunun icrası isə Təhsil Nazirliyinə tapşırılıb. Universitetlərdə hazırlıq qruplarının yaradılmasına növbəti tədris ilindən başlanılacaq. Bu hazırlıq qrupları qəbul planları kəsirlə yerinə yetirilən, tələbə axını bir qədər az olan ali təhsil müəsissələrində fəaliyyət göstərəcək. Ona görə də belə ali təhsil müəssisələrində boşluğu aradan qaldırmaq üçün hazırlıq qruplarının yaradılmasına ehtiyac var. Həmin hazırlıq qrupları özəl və dövlət ali təsil müəssisələrində açılacaq. Təhsil naziri Mikayıl Cabbarov da bu yaxınlarda bildirdi ki, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması istiqamətində işlər aparılır. Düşünürəm ki, bu barədə dəqiq məlumatı yaxın zamanlarda Təhsil Nazirliyi açıqlayacaq. Həmin hazırlıq qruplarının hansı universitetlərdə və ödənişin nə qədər olacağı barədə ictimaiyyətə məlumat verəcək”.
 
07.10.2017 16:18:00
Oxuma sayı: 134