Qalmaqallı dərsliyin həmmüəllifi: “Xəritədə göstərilən Armeniya indiki Ermənistan deyil”
Ölçü:


“Təəssüf ki, bizim uğurlu işimizə kölgə salmaq istəyən şəxslər əsassız olaraq bildirirlər ki, xəritədə Ermənistan ərazisi əks olunub. Bu artıq  göstərir ki, bəzi insanlarda erməni xofu var və  baxdıqları yerdə erməni ifadəsi, ərazisi görürlər".

Koordinat.az xəbər verir ki, 10-cu sinif şagirdləri üçün "Tarix" dərsliyində “Böyük Ermənistan” xəritəsinin əks olunması barədə ittihamlara münasibət bildirən dərsliyin müəlliflərindən biri Kamran Əsədov belə deyib. O, məsələ ilə bağlı Modern.az-a açıqlamasında dərslikdəki faktın düzgün yozulmadığını söyləyib. Həmmüəllifin sözlərinə görə, həmin xəritə 10-cu sinif rus bölmələri üçün  “Ümumi tarix” kitabında Roma paraqrafındadır və qeyd olunan ərazilər  Roma imperiyasının ərazisidir: "Bu ərazilərin Ermənistan ərazisi kimi göstərilməsi ilə bağlı hər hansı fakt orada qeyd olunmayıb. Məsələ nədən qaynaqlanır? Təəssüf ki, Azərbaycan dilində xəritələrlə bağlı ciddi resurs problemimiz var. Biz bu dövrlə bağlı xəritəni Roma arxivlərindən əldə etmişik. Orada göstərilir ki, eramızdan əvvəl 1-ci əsrdən bizim eranın 2-ci əsrinə qədər  romalıların əhatə etdiyi ərazi budur.  Birincisi, orada göstərilən Armeniya ərazisi indiki Ermənistan deyil. Tarixdən anlayışı olmayan, özünü vətənsevər kimi göstərənlər bilsinlər ki, eramızdan əvvəl 66 və 65-ci ildə Pompeyin yürüşündən sonra Albaniya  ərazisi Romaya tabe edildi. Eramızdan əvvəl 20-ci ildə  Atropatenada hökmdar Romanın vasitəsilə hakimiyyətə gəlmişdi. Bu o deməkdir ki, eramızdan əvvəl 1-ci əsrdə qeyd olunan  ərazilər Romaya tabe idi. Orada  bənövşəyi rəngdə göstərilən sərhədlər  Roma imperiyasının sərhədləridir.  Dəfələrlə tarixdən anlayışı olmayanlara demişəm ki, gəlin sizə tarix öyrədim. 359-cu ildə Amid döyüşündə, 371-ci ildə  Dzirav döyüşündə romalılarla sasanilər toqquşanda  romalıların müttəfiqi ermənilər, sasanilərin müttəfiqi isə Albaniya  idi. Həmin vaxt Albaniya müəyyən ərazilər itirmişdi. Bu o demək deyil ki, qeyd olunan yer erməni dövləti idi. Sadəcə  ermənilər bu ərazini tabe etmişdilər və oranı vilayət kimi  idarə edirdilər. Burada heç bir Ermənistan xəritəsindən söz gedə bilməz”.

K.Əsədov qeyd edib ki, səsləndirilən fikirlər savadsız yanaşmadır: “Burada Assuriya, Mesopotomiya da göstərilib. Konkret Ermənistan ərazisi göstərilməyib. Orada  Romanın sərhədləri əks olunub. Bu cür yanaşma Azərbaycan alimini elmdən, təhsildən uzaqlaşdırır. Bu qədər savadsız yanaşma olmaz.  Biz bu kitabı 4-5 dildə dərc etdirmişik. Mən kitabın Azərbaycan dilinə də baxmışam, orada bu, yoxdur, silmişik. Bunu faciə çevirmək lazım deyil. Bu, texniki qüsurdur. Əgər siz Roma imperiyasını erməni ərazisi kimi görürsünüzsə, bu artıq sizin gözünüzdə də qüsur olduğunu göstərir. Bunlara xidmət etmək olmur və gənc insanın uğurunu qəbul edə bilmirlər. Bunlar ermənidən də betərdirlər. Kitabda qüsur yoxdur. Qüsur o ittihamları səsləndirənlərin gözlərində və beyinlərindədir”.

Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.
07.10.2017 15:49:31
Oxuma sayı: 273