İlham Əliyevin Putinlə telefon danışığının ictimailəşməsi... - Tofiq Zülfüqarovun şərhi 
Ölçü:


“Belə bir hal 2 il bundan qabaq Soçidə baş verib. Belə ki, həmin  görüşdə Rusiyadan olan üçüncü qüvvələr Azərbaycan-Rusiya əlaqələrinə ziyan gətirmək siyasətinə söykənirdilər. İndiki mərhələdə  isə görülən odur ki, baş verənlər açıq formada ictimaiyyəti narahat edir. Hər halda telefon danışığında da belə ifadədən istifadə olunub. Eyni zamanda, Tovuz hadisələri zamanı ictimai rəyin özünü necə göstərdiyinin şahidi olduq. Həmrəylik yürüşü baş verdi və bu yürüş heç kəs tərəfindən təşkil edilməmişdi. Minlərlə insanlar orduya və dövlətə həmrəylik nümayiş etdirdilər. Ona görə də  ictimaiyyət məsələsi artıq gündəmdədir və çox böyük yer tutur”.

Koordinat.az xəbər verir ki, sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığını şərh edərkən belə deyib. O,  Modern.az-a açıqlamasında deyib ki, bu cür təmaslar tez-tez baş versə də, məsələlərin mahiyyətinin ictimaiyyətə çatdırılması nadir haldır: “Rusiya-Azərbaycan əlaqələrinə fərqli münasibətlərin və baxışların mövcud olduğunu görürük. Hesab edirəm ki, telefon danışığının ictimaiyyətə çatdırılması vacib məsələdir. Bu, bir çox məqamlara aydınlıq gətirməsinə xidmət edəcək”.

Tofiq Zülfüqarov  telefon danışığı zamanı verilən mesajın əhəmiyyətindən də söz açıb:
“Bu cür açıqlıq bir növ mesajdır. Bu mesaj təkcə Azərbaycan ictimaiyyətinə yox, həm də Ermənistana bir mesajdır. Bunun əsas ünvanının Ermənistan rəhbərliyi olduğunu nəzərə almalıyıq. Eyni zamanda, Azərbaycan-Türkiyə əlaqələrinin hərbi məsələlərdə sürətlə inkişafı da çox vacib məsələdir. Baş verən təlimlər də onu göstərir ki, Türkiyə Azərbaycana dəstək məsələsində israrlıdır. Hesab edirəm ki, bu hərbi əlaqələr yeni və vacib amil kimi sayıla bilər”.

Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon danışığı zamanı Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Eləcə də, Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.
13.08.2020 18:07:00
Oxuma sayı: 57