Rusiyadan Ermənistana silah daşınması Aazərbaycanda narazılıq yaratdı - Əliyevlə Putin arasında açıq söhbət
Ölçü:


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon danışığı zamanı əsas müzakirə mövzusu Ermənistanın Azərbaycanla dövlət sərhədlərini pozaraq Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar və buna cavab olaraq atılan addımlar olub.

Azərbaycan Prezidentinin Mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, telefon danışığı zamanı prezident İlham Əliyev Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizin həlak olduğunu, sərhəd boyunca kəndlərin və yaşayış məntəqələrinin artilleriya atəşinə məruz qalması, bir çox evlərin dağıldığı və yararsız hala düşdüyü barədə ətraflı məlumat verib.

Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilmiş və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.

13.08.2020 11:19:00
Oxuma sayı: 65