Azər Həsrət: "Taleh Şahsuvarlının iddiası nizamnamədən kənardır"
Ölçü:


Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı Mətbuat Şurası İdarə Heyətinin tam tərkibdə istefa verməsini tələb edib. Bu tələb Mətbuat Şurasının İdarə Heyəti tərəfindən birmənalı qarşılanmayıb.

Koordinat.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında Taleh Şahsuvarlıya edilən basqının əleyhinə olduğunu bildirib: “Taleh bəyin müraciətini vaxtında mən də almışdım və oxuyub özünə də münasibət bildirmişəm. Mən şəxsən onu dəstəkləyirəm. Təbii ki, ona qarşı tətbiq olunan ədalətsiz basqının əleyhinəyəm. Əminəm ki, Mətbuat Şurası da bütövlükdə mənim mövqeyimdədir. Sadəcə olaraq Taleh Şahsuvarlının iddiası bir az nizamnamədən kənardır. Çünki Mətbuat Şurasının birbaşa elə səlahiyyəti yoxdur ki, kimsə  jurnalisti məhkəməyə verəndə gedib jurnalistin yanında dayanıb onun hüquqlarını müdafiə eləsin”. 

Həmsöhbətimiz qeyd edib ki, Mətbuat Şurası mediadan narazı insanlarla media arasında məhkəməyə qədərki həll prosesi üçündür: “Yəni iş məhkəməyə gedib çıxmasın deyə, vətəndaş  jurnalistdən Mətbuat Şurasına şikayət etməlidir, biz də tərəfləri dinləyib müvafiq qərar çıxarmalıyıq. Təbii ki, burada daha çox barışdırmağa çalışırıq, bu, praktikada da belədir. Amma barışıq əldə edilməyəndə tərəflərin məhkəmə hüququna hörmətlə yanaşırıq. İndi burada Taleh bəyin məhkəməyə verilməsi Mətbuat Şurasına heç bir müraciət edilmədən baş verib. Təbii ki, onun haqlı  və ya haqsız olması məhkəmə yolu ilə həllini tapacaq. Amma biz proseslərdən xəbərdar olduğumuza görə əminik ki, Taleh bəy  haqlıdır. Sadəcə Mətbuat Şurası istefa versin kimi sözlər yersiz çağırışlardır. Bunlara gərək yoxdur. Mətbuat Şurasındakı insanlar da elə Taleh bəyin özü kimi jurnalistlərdir, yəni bizim də səlahiyyət çərçivəmiz, dairəmiz və imkanlarımız onunkundan çox deyil. Düşünürəm ki, o bu məsələləri heç də bizdən az anlamır”.
12.08.2020 17:47:00
Oxuma sayı: 50