Neft Fondunun gəlirləri kəskin şəkildə azalır
Ölçü:


2020-ci ilik ilk 7 ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) neft və qaz satışından 2 milyard 700 milyon dollar vəsait daxil olub. 2019-cu ilin 7 ayında isə bu rəqəm 5 milyard 160 milyon dollar idi. Fondun 7 ayda satdığı dolların miqdarı 4 milyard 525 milyon dollar olub.  

Koordinat.az xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov mövzunu şərh edərkən gəlirlərin təmin olunmasında əsas mənbənin Azərbaycanın neft və qaz layihələrindən toplanan vəsaitlər olduğunu deyib. Onun sözlərinə görə, Neft Fondunun digər gəlir mənbəyi toplanan vəsaitlərin idarən olunmasıdır. Bu istiqamətdə müəyyən qədər Neft Fondunun fəaliyyətini qiymətləndirmək mümkündür. Çünki fond vəsaitlərini nə qədər effektiv idarə edərsə, o qədər gəlir qazanar: "Amma dediyim kimi fondun əsas gəliri neftin və qazın satışından formalaşır. Qiymətlərin dünya bazarında aşağı düşməsi yaxud dinamikası kimi məsələlərə nə Neft Fondunun, nə Azərbaycanın, nə də digər kiçik ölkələrin birbaşa təsiri var. Bu qlobal bazarlarda məhz siyasi və iqtisadi konyuktur fonunda formalaşır. Pandemiyanın təsirləri nəticəsində, eyni zamanda OPEC ölkələri arasında yaranmış maraqlar konflikti istiqamətində son 5 ayda vəziyyət daha da çətinləşib. Qiymətlər kəskin aşağı  düşüb. Bu da fondun gəlirlərinin təbii yolla azalmasına gətirib çıxarıb. Artıq proseslər Azərbaycanın bu şərtlər daxilində neft vəsaitlərini necə idarə etməsindən asılı olacaq”.

Neft vəsaitlərinin idarə edilməsi ilə bağlı “qızıl qayda”nın tətbiq edildiyini vurğulayan R. Həsənov büdcə sistemi haqqında qanuna dəyişikliklər edildiyini söyləyib: “Bir neçə gün bundan öncə isə həmin qaydaların tətbiqi prosesi dayandırıldı. Görünən odur ki, bu qaydaların olmasına baxmayaraq Azərbaycanda neft vəsaitlərinin idarə edilməsi ilə bağlı yanaşma kövrəkdir. Hər hansı risklər yarandığı təqdirdə hökumət çox asanlıqla bu prosesə müdaxilə edərək neft vəsaitlərinin daha çox xərclənməsinə şərait yarada bilir.

Maliyyə Nazirliyinin hesabatından məlum olur ki, əslində cari şərtləri nəzərə alınmaqla 2020-ci ildə dövlət büdcəsinə Neft Fondundan transfertin həcmini 2,5 milyard azaltmaq lazım idi. Əksinə 850 milyon manat artıb, 12,2 milyarda çatdırılıb. Təxminən 7 milyard dollar vəsait bu il dövlət büdcəsinə köçürüləcək”.

Rəşad Həsənov bəzi aktivlərdə qiymətlərin bahaşlaşdığını da söyləyib. Onun sözlərinə görə, xüsusilə qızılda son 5 ayda bir unsiya üçün 35-40 faizə yaxın bahalaşma mövcuddur: “Bu da Neft Fondunun aktivlərinin itirilən hissəsinin müəyyən qədər kompensasiyası üçün şərait yaradır. Eyni zamanda avro ilə olan hissədə artımlar müşahidə olunur. Bilirsiniz ki, Neft Fondunun vəsaitlərinin 25-30 faizi avroda saxlanılır. Avronun məzənnəsində son bir neçə həftə ərzində 8-11 faiz arasında bahalaşması baş verib. Bu da dollarla ifadədə Neft Fondu vəsaitlərinin xərclənməsindən yaranan fərqin qısa müddət ərzində bərpasına müəyyən şərait yaradıb. Nəticədə aktivlərin həcmində artım qeydə alınıb. Ümumiyyətlə, Azərbaycanda bu kimi risklər fonunda fond aktivləri iqtisadiyyatın gələcəyi üçün çox əhəmiyyətli kuper rolunu oynayır. Neft vəsaitlərinin idarə olunması strategiyasında vəsaitlərin 25 faizinin qorunub gələcək nəslə saxlanması da nəzərdə tutulub. Ona görə, daha ehtiyatlı davranılarsa, növbəti illərin büdcəsinin tərtibi zamanı neft vəsaitlərinin büdcə strukturunda payı mərhələli şəkildə tənzimlənərsə, optimallaşdırılıb, büdcə konsolidasiyasına gedilməsi yolu ilə fondun uzunmüddətliliyinin və dayanıqlılığını qorumaq olar. Bundan başqa da Neft Fondu öz vəsaitlərinin, aktivlərinin idarə edilməsi strategiyasını daha da inkişaf etdirməli, təkmilləşdirməlidir. Dəfələrlə müzakirə aparmışıq ki, Neft Fondu digər ölkələrdəki fəaliyyət göstərən qurumlarla müqayisədə aktivlərin idarə edilməsindən daha az gəlir götürür. Bu istiqamətdə strategiyanı təkmilləşdirməklə müəyyən qədər vəsaitlərin əvvəlcədən müəyyən edilmiş səviyyədə qorunub saxlanmasına cəhd göstərilməlidir”.
12.08.2020 14:59:00
Oxuma sayı: 892